XƏBƏRLƏR
24.07.2022 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİNDƏ 22 İYUL MİLLİ MƏTBUAT GÜNÜ QEYD EDİLİB

YERLİ JURNALİSTLƏR ŞƏHƏRİN “SƏBZİKAR”QƏBRİSTANLIĞINDA DƏFN OLUNMUŞ GÖRKƏMLİ MAARİFÇİ VƏ QƏZETÇİLƏRİ DƏ YAD EDİBLƏR

   AMEA Gəncə Bölməsində 1875-ci ilin iyul ayının 22-də böyük ziyalımız Həsən bəy Zərdabinin təşəbbüs və zəhməti ilə  Aərbaycanda ilk dövri mətbu orqanı olan “Əkinçi” qəzetinin nəşrindən başlayan həmin əlamətdar günə həsr olunan görüş keçirilib. Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev ölkənin, cəmiyyətin inkişafında mətbuatın əhəmiyyətli rolundan danışıb. Digər çıxışlarda da çap, eləcə də vizual və elektron informasiya mənbələrinin konstruktiv yöndə çalışmalarının vacibliyi vurğulanıb. Görüşdə Bölməni informasiya sahəsində çalışan əməkdaşlarının bayramı təbrik edilib və onlar mükafatlandırılıb.

   Hər il olduğu kimi, bu dəfə də, 22 iyul Milli Mətbuat Günündə Gəncədə çalışan media nümayəndələri öz ənənələrinə uyğun olaraq, görkəmli maarifçi, ictimai xadim və Azərbaycanın ilk jurnalistlərindən olan Əsgər ağa Goraninin məzarını ziyarət ediblər.

   Həsən bəy Zərdabinin tələbəsi və məsləkdaşı olan Əsgər ağa Gorani 1910-cu ildə 53 yaşında vəfat edib. Amma cəmi yarım əsrlik bu ömrə bəlkə 50 adamın xalq naminə görə biləcəyi işlər sığışıb!

   Əsgər ağa Haqverdi ağa oğlu Adıgözəlov-Gorani ilk təhsilini Gəncə şəhər məktəbində aldıqdan sonra  Bakıda gimnaziyada oxuyub və oranı qızıl medalla bitirib. Sonra  Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasında torpaqşünaslıq üzrə ali təhsil alıb.

   Hələ gimnaziya tələbəsi ikən o, müəllimi Həsən bəy Zərdabinin təşəbbüsü ilə tamaşaya qoyulmuş Mirzə Fətəli Axundovun komediyalarında baş rolları ifa edib. Azərbaycan milli teatrının yaranması faktı kimi tarixə düşmüş, 1873-cü ilin martın 10-da oynanılan “Hekayəti vəziri xani Lənkəran” tamaşasında Teymur ağa, bir qədər sonra, aprelin 17-də göstərilən “Hekayəti mərdi xəsis”də isə Hacı Qara rollarını ifa edən Əsgər ağa  ilk səhnə aktyorlarımızdan sayılır.

   Moskvada təhsil alarkən Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin ən fəal yazarlarından olan Əsgər ağanın bu qəzetdə 39 məqalə və məktubu çap olunub. Yaranmaqda olan müasir baxışlı milli ziyalı təbəqəsinin öncüllərindən olan Əsgər ağanın istər məqalələri, istər də müəllimi Həsən bəyə və dostlarına yazdığı məktubları onun maarifçi-tərəqqipərvər fikir və əməlinin kiçik nümunələridir. Bu məktublardan Əsgər ağanın xalq arasında maarif işinin gücləndirilməsinə dair fikirləri, onun məktəblər üçün  riyaziyyat, tarix, coğrafiya və əlifba kitabları tərtib etdiyi (!), Gəncəyə dönərkən burada jurnal nəşr etmək niyyəti və digər ideyaları aydınlaşır.

   Yaradıcı və bədii zövqə malik Əsgər ağa həmçinin Ağa Məhəmməd Şah Qacarın Qafqaza yürüşündən bəhs edən “Qara yel” tarixi romanının, “Qocalıqda yorğalıq” pyesinin və “Hənək, hənək, axırı dəyənək” vodevilinin (!) , A. S. Puşkin və M. Y. Lermontovdan tərcümələrin müəllifidir.

   Ali təhsilini başa vurduqdan sonra Əsgər ağa bir müddət Tiflis və Kutaisdə,  daha sonra Gəncəyə qayıdaraq burada bir sıra dövlət vəzifələrində çalışıb. 1905-ci ildə isə gəncəlilər bu nəcib şəxsiyyəti özlərinə rəhbər seçiblər. Ömrünün son 5 ilində Gəncə şəhər Bələdiyyəsinin sədri işləyən Əsgər ağa Gorani  özünün maarifçilik və xeyriyyəçilik əməlləri ilə tarixə düşüb. Onun təşəbbüsü  və  bir çox hallarda vəsaiti ilə Gəncədə biri qızlar üçün  olan dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub.

   1910-cu ildə vəfat edən Əsgər ağanın dəfninə böyüklü-kiçikli bütün Gəncə gəlibmiş. Zaqfqaziyanın bütün qəzetləri ona xatirə yazıları dərc ediblər. Gəncəlilər Əsgər ağanın  məzar-türbəsinin də “Səbzikar”da ən hündür olmasını qərarlaşdırıblar.

   Milli Mətbuat günündə millətimizin daha daha bir işıqlı siması – maarifçi, türkşünas-ədbiyyatçı, tənqidçi, qəzetçi Abdulla Sur da yad edilib. Mirzə Abdulla Məhəmmədzadə Tovfiq Sur 23 iyul 1883–cü ildə Gəncədə anadan olub. lk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində alıb, burada müxtəlif dünyəvi 16 yaşında, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlayıb.

   İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunub. Həmin il o, Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyib. Onun yazıları qəzetin bütün saylarında yer alıb. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam edib.

   1906-1909-cu illərdə Abdulla Sur İstanbul universitetində təhsil alıb. O, 1910-cu ildə Gəncədə "Ədəbiyyat və Sənət" cəmiyyəti qurub. Bu cəmiyyətin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onları təhsil almasına kömək etmək olub.

   Abdulla Sur 1912-ci ildə, cəmi 30 yaşında vəfat edib. Gələn il Abdulla Surun anadan olmasının 140 ili tamam olacaq.

Gəncəli  jurnalistlər Mətbuat günündə həmçinin şəhərin mətbuat yaradıcılığında öz izi olan ziyalı, əməkdar jurnalist, sadə və təvazökar insan Vaqif Abdullayevi də yad ediblər.