XƏBƏRLƏR
15.08.2022 / Görüşlər
AMEA GƏNCƏ BÖLMƏSİ GƏNC ALİMLƏRİN SİLSİLƏ TƏDBİRLƏRİNDƏ TƏMSİL OLUNUB

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 6-11 avqust tarixlərində Lənkəran şəhərində “Gənc alimlərin yay düşərgəsi” keçirilmişdir. Lənkəran Olimpiya Kompleksində baş tutmuş silsilə tədbirlərdə Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif universitetlərin, eləcə də ayrı-ayrı nazirliklərin elmi müəssisə və təşkilatlarında çalışan 60-dan çox gənc alimlər iştirak etmişlər. Bir həftə müddətində gənc alimlər üçün “Tənqidi düşüncə”, “Beynəlxalq təqaüdlər”, “Gənc alimlərin fərdi və intellektual inkişafı”, “Təqdimat bacarıqlarının təkmilləşdirilməsi”, “Akademik tədqiqatların nəticələrinin elmmetrik bazalarda işıqlandırılması”, “Motivasiya və Hədəf”, “Liderlik bacarıqları” təlimləri,  “Xəmsə” intellektual-əyləncəli oyunu,şahmat, dama, voleybol yarışları, bədii yaradıcılıq müsabiqələri təşkil edilmişdir. 

Tədbirdə AMEA Gəncə Bölməsi də uğurla təmsil olunmuşdur. Bölmənin Gənc alim və mütəxəssislər Şurasının sədri Elnur Həsənov gənc alimlər üçün “Gəncə şəhəri – multikulturalizm mərkəzidir” mövzusunda mühazirə keçmişdir. Həmçinin, E.Həsənov tədbirin son günündə rəsmi bağlanış mərasimində çıxış edərək təşkilatçılara təşəkkür etmiş, gənclərin əməkdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Tədbir iştirakçıları AMEA Lənkəran Regional Elmi Mərkəzində olmuş, burada yetişdirilən müxtəlif çay növləri, sitrus bitkiləri, zəngin meşə genefondu ilə tanış olub, görkəmli alimlərin mühazirələrini dinləmişlər.

Düşərgənin sonuncu günü 44 Günlük Vətən müharibəsi şəhidi, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olmuş Bağırzadə Mahsunun atası Zahir Bağırovun gənclərlə görüşü təşkil edilmişdir. Sonra gənclər Şəhidlər Xiyabanını ziyarət etmişlər. 

Tədbirin sonunda düşərgə müddətində təşkil olunmuş müxtəlif intellektual-əyləncəli oyunlar və idman yarışları üzrə qaliblərə sertifikat və hədiyyələr təqdim edilmişdir.