NİZAMİNİN İRSİNİN ÖYRƏNİLMƏSİ VƏ TANIDILMASI ÜZRƏ UZUNMÜDDƏTLİ KONSEPSIYAYA DAİR TƏKLİFLƏRİ MÜZAKİRƏ EDƏN ŞƏHƏR KOMİSSIYASININ İLK İCLASI AMEA GƏNCƏ BÖLMƏSİNDƏ KEÇİRILİB
Nizaminin irsinin öyrənilməsi, təbliği və dünya miqyasında tanıdılması məqsədilə Gəncə üzrə təklifləri hazırlayan işçi komissiyanın ilk iclası olub. Toplantı AMEA Gəncə Bölməsində baş tutub. Nizami Mərkəzinin rəhbəri professor Xəlil Yusiflinin sədrliyi ilə keçən işçi müşavirəyə şəhər İcra hakimiyyətinin, AMEA Gəncə Bölməsinin, Gəncədəki unuversitetlərin, Regional Destinasiya Menecmenti Təşkilatının nümayəndələri, alimlər və tədqiqatçılar qatılıblar. İştirakçılar Nizami Gəncəvinin irsinin öyrənilməsi və təbliği üzrə uzunmüddətli konsepsiyanın tələbləri baxımından qarşıda duran vəzifələr və tədbirlərin həyata keçirilməsinə dair təklifləri müzakirə ediblər.
Görüşdə Nizami Gəncəvinin əsərlərinin, eləcə də bu dahi şair və mütəfəkkirimizin yaradıcılığına dair araşdırmaların, elmi məqalələrin, monoqrafiyaların nəşri, onların dünyanın müxtəlif dillərinə tərcümə edilərək, poulyarlaşdırılması, Nizami irsinə dair mütəmadi elmi konfransların təşkili, dahi mütəfəkkirin adının və yaradıcılığının tanıdılması məsələlərinin onun doğma şəhəri ilə , xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə reallaşacaq “Gəncə – Yaşıl şəhər” layihəsinin konsepsiyası və nəticələri ilə paralel olaraq reallaşdırılması, Nizami mövzusu ilə bağlı əlamətdar məkanların ziyarəti və bu baxımdan şəhərin turizm imkanlarının genişləndirilməsi və digər bu kimi təkliflər müzakirə edilib.