XƏBƏRLƏR
12.09.2022 / Konfranslar, iclaslar
GƏNCƏDƏ "ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN NİZAMİ İRSİNİN TƏBLİĞİNDƏ ROLU" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

   Ümummilli Lider, müasir Azərbaycanın iqtisadi və mədəni tərəqqisinin, eləcə də daha işıqlı gələcəyinin Böyük Strateqi Heydər Əliyev dövlətimizin tarixi taleyinin uğurlu və qaim-qədim olmasının millətin daim yüksək mənəvi dəyərlərə söykənməsi ilə mümkün olacağına inanırdı. Bu baxımdan, Ulu Öndərimiz Azərbaycanın öz şərəfli tarixi böyu yetişdirdiyi böyük şəxsiyyətlərin irsinin dərk edilməsi, qorunması və təbliği məsələlərinin diqqətdə saxlanılmasına xüsusi fikir verirdi və bu yöndə təbii ki, dahi şair və filosofumuz, dünya nizamçısı Nizami Gəncəvini zamanın fövqündə duran mənəviyyat simvolumuz kimi əsas istinadgah sayırdı.

   Gəncənin Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfrans da Ümummilli Liderin dahi şairimizin irsinin öyrənilməsi və yayılmasına verdiyi töhfələr haqda idi.

   Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən, “Ulu Öndər Heydər Əliyevin Nizami Gəncəvi irsinin təbliğində rolu” adlı konfrans Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 881 illiyinə həsr olunub.

   Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə güllər düzülüb, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   Tədbirə şəhər İcra Hakimiyyətinin, AMEA Gəncə Bölməsinin, Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin,  Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Yazıçılar Birliyinin yerli bölməsinin, Regional Turizm İnformasiya Mərkəzinin, Gəncə  Gənclər Evinin və digər qurumların təmsilçiləri, nizamişünaslar, tədqiqatçılar, yazıçılar, incəsənət adamları, ictimaiyyət nümayəndələri və gənclər qatılmışdılar.

   Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev  öz çıxışı zamanı Nizami yurdu qədim Gəncəyə, eləcə də Nizami Gəncəvi irsinə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısının  ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini qeyd edib.

   Tədbirdə “Dahi mütəfəkkir Nizami Gəncəvinin irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda hazırlanmış videoçarx nümayiş olunub.

   Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, alim, şair Bayram Apoyev,  Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova və  AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov öz çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev Nizami Gəncəvi irsinə xüsusi qayğı və diqqət göstərmiş, onun fəaliyyəti ilə dahi şair və mütəfəkkirin yaradıcılığı və bəşəri fəlsəfəsinin tədqiq və təbliği  məsələləri dövlət səviyyəsinə qaldırılmışdır.

   “İstər Azərbaycanda, istər də keçmiş SSRİ məkanında nizamişünaslığın inkişafının yüksək vüsət alması da Ulu Öndərin adı ilə bağlıdır. Həmçinin dahi şairin son mənzilinin – məqbərəsinin onun adına və dünya fikir tarixində tutduğu mövqeyə uyğun olaraq, daha möhtəşəm  formada yenidən inşa edilməsinin təşəbbüskarı və təşkilatçısı da Heydər Əliyev olub. Məhz onun tövsiyələri əsasında Nizami Məqbərəsi özündə möhtəşəm memarlıq və heykəltəraşlıq nümunələrini, yaşıllıqları, geniş meydanı və digər kompozisiya və qurğuları birləşdirən kompleks halına gəlib” – deyə,  və  AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov bildirib.

   Tədbirin gedişində Gəncə şəhərinin incəsənət və musiqi məktəblərinin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

   Nizami Gəncəvinin doğumunun 881-ci ildönümü ilə əlaqədar şəhərdə təşkil olunan silsilə tədbirlər sentyabr ayının sonunadək davam edəcək.