XƏBƏRLƏR
16.09.2022 / Mühüm hadisələr
Nizami yurdu nizamişünaslığımızın patriarxı ilə vidalaşdı

  

87 YAŞINDA VƏFAT EDƏN ƏMƏKDAR ELM XADİMİ, PROFESSOR XƏLİL YUSİFLİ İLƏ ÇALIŞDIĞI AMEA GƏNCƏ BÖLMƏSİNİN ÖNÜNDƏ VİDA MƏRASİMİ OLUB, SONRA ALİMİN NƏŞİ DOĞMA YURDUNA – QAZAĞIN ASLANBƏYLİ KƏNDİNƏ, SON MƏNZİLƏ YOLA SALINIB

   AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, Gəncə Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi, "Şöhrət" ordenli, görkəmli alim Xəlil Həmid oğlu Yusfili ilə son görüşə yüzlərlə insan qatılıb. Görkəmli alimimizin tabutu AMEA Gəncə Bölməsinin önündə əkil və gül-çiçəyə tutulmuş xüsusi hündür məkana qoyulub. 

   Vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin müdiri Vasif Cənnətov, şəhərdəki ali təhsil və elmi-tədqiqat ocaqlarının nümayəndələri,  müəssisə və təşkilat rəhbərləri, mərhumun ailə üzvləri iştirak ediblər.

   AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev çıxışında professor Xəlil Yusiflinin vəfatını Azərbaycan filologiya elmi, xüsusən nizamişünaslığımız üçün əvəzsiz itki kimi səciyyələndirərək, elmi ictimaiyyətimizə və mərhumun ailə üzvlərinə başsağlığı verib.

   Çıxışlarda Azərbaycanda nizamişünasların və klassik ədəbiyyatımızın inkişafında və bu sahədə tədqiqatçıların  bir neçə nəslinin formalaşdırılmasında professor Xəlil Yusiflinin mühüm xidmətləri olduğu vurğulanıb, həmçinin o, dövlətçilik ideallarımıza sədaqətlə xidmət edən yüksək mənəviyyatlı şəxsiyyət kimi səciyyələndirilib.

   Mərasimdə görkəmli alimin vəfatı münasibətilə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəylinin göndərdiyi başsağlığı məktubu səsləndirilib. Həmçinin Gəncə Regional Mədəniyyət İdarəsi də görkəmli alimin vəfatı münasibətilə başsağlığı verib.

   AMEA Gəncə Bölməsinin yaydığı nekroloqda isə görkəmli alimin ömür yolu və elmi fəaliyyəti haqda geniş məlumat verilib.

   Xəlil Həmid oğlu Yusifli 1935-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində sadə kəndli ailəsində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb, 1962-1965-ci illərdə həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı oiub, sonra institutun həmin şöbəsində əmək fəaliyyətini davam etdirib; X. Yusifli 1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi alıb, 1969-cu ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda baş müəllim kimi fəaliyyətə başlayıb, həmin vaxtdan ömrünün sonunacan hazırda  Gəncə Dövlət Universiteti adlanan bu ali təhsil ocağında Dünya və Azərbaycan ədəbiyyatı tarixindən dərs deyib, 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu ildə isə professor elmi adı alıb.

   Xəlil Yusifli 2008-ci ildə Gəncə Regional Elmi Mərkəzdə (indiki AMEA Gəncə Bölməsi) dahi Nizami Gəncəvinin irsinin öyrənilməsi məqsədi ilə yaradılmış Nizamişünaslıq şöbəsinə, sonra isə Nizami Gəncəvi Mərkəzinə rəhbər təyin edilib.

   Yusifli elmi fəaliyyətlə 1961-ci ildən məşğul olub. Ö, öz alim ömrünün böyük hissəsini Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqinə həsr edib, “Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi”, “Nizami Gəncəvi: sələflər, xələflər” və digər sanballı elmi monoqrafiyalar işləyib. Alim həmçinin Nizami Gəncəvi irsi ilə bağlı çoxsaylı elmi məqalələrin müəllifidir.

   2004-cü ildə Azərbaycan Respunlikası Prezidentinin sərəncamı ilə latın qrafikalı əlifbaya keçidlə bağlı,  Nizami Gəncəvi əsərlərinin yeddi kitabda çapa hazırlanması məhz X. Yusifliyə həvalə olunub.

   Professor X. Yusifli həmçinin ölkəmizdə qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. O, “Məhsəti Gəncəvi” adlı monoqrafiyanın, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” və “Dünya ədəbiyyatı tarixi (Antik dövr)” dərsliklərinin müəllifidir. Yusifli klassik ədəbiyyatımızın bir çox nümunələrinin tərcüməsi, tədqiqi və tərtibi sahəsində də xeyli iş görüb. 13-cü əsrdə yaşamış Əvhədi Marağainin “Cəmşidin camı”, 14-cü əsr şairi Arif Ərdəbilinin “Fərhadnamə”, Məhsətinin “Rübailər”, Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin” və bir sıra digər nəşrlər bu qəbildəndir. O, həmçinin ilk dəfə olaraq, 15-ci əsr şairi Həqiri Təbrizinin “Leyli və Məcnun” poemasını tərtib edərək, geniş ön sözlə nəşr etdirib. Qazi Bürhanəddinin, Vidadinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin yaradıcılığına həsr olunan kitabları da alimin elmi fəaliyyətinin genişliyindən xəbər verir.

   Xəlil Yusiflinin “Avey, hey” və “Hanı, o günlər, hanı?”, adlı şeirlər kitabları da var.

   Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Xəlil Yusifli 2009-cu ildə Azərbaycan elminin  inkişafındakı xidmətlərinə görə  “Əməkdar elm xadimi” adı alıb, 2015-ci ildə isə Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

   Ölkə başçısının  2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etməsi ilə bağlı sərəncamından irəli gələn müddəalara uyğun olaraq, həmin əlamətdar il çərçivəsində səmərəli fəaliyyətinə görə  X. Yusifli Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, həmçinin AMEA Gəncə Bölməsi Rəyasət Heyətinin, eləcə də Gəncə şəhər İcra Hakimiyyətinin  Fəxri fərmanları və Azərbaycan Respublikasının Mədəniyyət nazirinin  qərarı ilə “Nizami Gəncəvi” xatirə döş nişanı ilə təltif edilib.

   Gəncədəki vida mərasimindən sonra professor Xəlil Yusiflinin tabutu onun doğma yurduna aparılıb. Qazağın Aslanbəyli kəndinin qəbristanlığında keçirilən dəfn mərasimində alimin həmkarları və yetişdirmələri onun haqqında vida sözlərini söyləyiblər.

   Onu da əlavə edək ki, bu yaxınlarda Nizami Gəncəvinin yaradıcılığnın tədqiqi  ilə məşğul olan və dahi şairin məqbərəsini ziyarət üçün Gəncəyə gələrək, professor Xəlil Yusifli ilə birgə bu müqəddəs missiyanı gerçəkləşdirən pakistanlı alimlər - bu ölkənin Lahor Kollecinin əməkdaşları da görkəmli alimimizin vəfatı ilə bağlı AMEA Gəncə Bölməsinə başsağlığı məktubu göndəriblər.