XƏBƏRLƏR
23.09.2022 / Görüşlər
AMEA Gəncə Bölməsində icbari tibbi sığorta ilə bağlı maarifləndirici görüş olub

   Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini tərəfindən yerlərdə icbari tibbi sığortaya dair vətəndaşların məlumatlılığının artırılmsına yönəlmiş tədbirlər  çərçivəsində AMEA Gəncə Bölməsində görüş keçirilib. Görüşə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yerli qurumunun sədri Azər Dəmirov və mütəxəssisləri qatılıblar.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonaqları salamlayıb və  dünyanın qabaqcıl ölkələrinə xas olan icbari tibbi sığorta sisteminin artıq bir neçə ildir ki, ölkəmizdə də tətbiq edildiyini deyərək, bunu Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına dövlət başçısı İlham Əliyev tərəfindən xüsusi diqqət yetirməsinin təzahürü kimi dəyərləndirib. O, həmçinin icbari tibbi sığorta üzrə vətəndaşların bilgilərinin artırılmasının vacibliyi baxımından bu cür görüşlərin təqdirəlayiq olduğunu vurğulayıb.

   Görüşdə çıxış edən Azər Dəmirov AMEA Gəncə Bölməsinin əməkdaşlarına ölkəmizdə icbari tibbi sığortanın tətbiqinin məqsədləri, vətəndaşların bu tibbi xidmətdən istifadə etməsinin üstünlükləri, bu sistemdən yararlanmaq üçün müraciət və qaydalar və digər məsələləri müfəssəl şəkildə izah edib. O, həmçinin hazırda ölkəmizdə 2550 adda tibbi xidmətin sığota əhatə dairəsinə daxil edildiyini, ilin sonuna qədər isə bu rəqəmin 3 minə çatdırılacağını qeyd edib.

   İcbari tibbi sığorta məsələlərinə dair iştirakçıların fəal marağı ab-havası ilə davam edən görüşdə onların mövzu ilə bağlı bütün sualları cavablandırılıb.