XƏBƏRLƏR
23.04.2019 / Konfranslar, iclaslar
2019-cu ilin ilk rübündə AMEA-nın Gəncə Bölməsində bir sıra uğurlar əldə olunub

AMEA-nın Gəncə Bölməsinin cari ilin birinci yarısının yekunlarına həsr olunan elmi yığıncağı keçirilib.

İclası bölmənin sədri, akademik Fuad Əliyev açaraq ötən müddət ərzində AMEA Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş plana uyğun olaraq, qurumun elmi-tədqiqat müəssisələrində görülən işlər, əldə edilən ilkin nəticələr, dərc olunan məqalələr və qarşıda  duran vəzifələr haqqında məlumat verib.

Tədbirdə ölkə başçısının Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq hazırlanmış “Həmid Araslı-110” monoqrafiyasının əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, monoqrafiyada ilk dəfə olaraq Bəkir Nəbiyev, Ağamusa Axundov kimi mərhum elm xadimlərinin xatirələri ilə yanaşı, filologiya üzrə fəlsəfə doktorları - Ruziyə Quliyeva, Əzizağa Nəcəfov kimi tədqiqatçıların akademik Həmid Araslının elmi irsi və pedaqoji fəaliyyəti ilə bağlı əsərləri toplanıb.            

İclas zamanı bölmədə rüb ərzində ictimai və humanitar elmlərlə yanaşı, təbiət elmləri sahəsində aparılan elmi-tədqiqat işləri barədə də ətraflı müzakirələr aparılıb, əldə olunan ilkin elmi nəticələr barədə məlumat verilib. Naftalan neftinin qətransızlaşdırılması, tibb və farmakologiyada istifadəsi ilə bağlı aparılan fiziki-kimyəvi analizlərin ilkin nəticələri açıqlanıb, onların tibbi əhəmiyyəti nəzərə alınaraq yeni tərkibli məlhəmlərin hazırlanmasında əhəmiyyətli rol oynayacağı vurğulanıb.                                         

Bundan əlavə, Qərb bölgəsinin bitki aləminin tədqiqi ilə bağlı əldə olunmuş elmi nəticələrə həsr olunan “Kiçik Qafqazın qaya-töküntü bitkiliyi və senopopulyasiyalarının dinamikası” monoqrafiyanın AMEA-nın müxbir üzvü Vaqif Novruzovun rəhbərliyi ilə nəşrə hazırlandığı bildirilib.

Həmçinin aprel ayında Bakı Mühəndislik Universitetində keçiriləcək “Gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı”nda bölmənin gənc alimlərinin iştirakı və “Azərbaycan xalçaları” jurnalında nəşr olunmaq üçün elmi məqalələrin hazırlanması məqsədəuyğun hesab edilib.

Sonda akademik Fuad Əliyev ölkə başçısının müasir cəmiyyət quruculuğunda əsas amil kimi elmin qarşısında qoyduğu vəzifələrdən danışıb, bir sıra tövsiyə və tapşırıqlarını verib.