XƏBƏRLƏR
27.09.2022 / Mühüm hadisələr
27 Sentyabr – Anım Gününddə Gəncənin minlərlə sakini şəhidlərimizin xatirəsini yad edib

   ŞƏHİDLƏR XİYABANINDAKI ANIM TƏDBİRİNƏ AMEA GƏNCƏ BÖLMƏSİNİN KOLLEKTİVİ DƏ QATILIB

   Sentyabrın 27-də səhər saatlarından başlayaraq, minlərlə Gəncə sakini Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək üçün  Şəhidlər Xiyabanına axın edib.

  Anım Günü münasibətilə keçirilən mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Ramil Orucov, Quru Qoşunlarının Qərargah rəisi Vasif Kazımov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, DTX Gəncə şəhər idarəsinin rəisi Ramil Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev, AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev,  Milli Məclisin Gəncədən seçilən deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, məhkəmə sədrləri, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri  və ictimaiyyət nümayəndələri iştirak ediblər.

     AMEA Gəncə Bölməsinin əməkdaşları da Şəhidlər Xiyabanındakı izdihamlı mərasimə qatılıblar.

   Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Quru Qoşunlarının Qərargah rəisi Vasif Kazımov Şəhidlər Xiyabanındakı Əbədi Məşəlin önünə əklil qoyublar. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

   Tədbirdə bildirilib ki, Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endirib. Vətən müharibəsində hərbçilərimizdən 2907 nəfəri qəhrəmancasına şəhid olub, min nəfərdən çoxu yaralanıb, 7 nəfəri itkin düşüb. Gəncə şəhəri isə Vətən müharibəsi dövründə 96 nəfəri hərçi, 26 nəfəri mülki şəxs olmaqla, 122 şəhid verib.

   Mərasimdə məktəblilər vətənpərvərlik mövzusuna aid şeir kompozisiyaları səsləndiriblər. Şəhidlərimizin ruhuna  dualar oxunub.

   Saat 12 tamamda, Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Avtomobillər, yanğınsöndürən maşınlar vasitəsilə səs siqnalları verilib.

   Anım Günündə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilər ziyarət edilib, həmçinin Nizami Gəncəvi məqbərəsinin ərazisində şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası da keçirilib.