XƏBƏRLƏR
06.10.2022 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsində “Heydər Əliyev İli” ilə bağlı təkliflərə dair toplantı keçirilib

   Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli”elan edilməsi haqda  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının işığında Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində şəhər ictimaiyyətinin, onun  elmi və ziyalı təbəqsinin qarşıdakı əlamətdar ilin Ulu Öndərin irsinin cəmiyyətimizə, eləcə də dünyaya daha dolğun və müasir inkişafın tələblərinə cavab verə bilən tərzdə çatdırılması yönündə təklif və əməli tədbirlərinin müzakirəsi keçirilib.

   Göstərilən mövzu üzrə ümumşəhər miqyaslı ilk müzakirə xarakterli bu toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA Gəncə Bölməsinin, şəhərdə fəaliyyət göstərən universitet və digər təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, Regional Mədəniyyət İdarəsinin, gənclər ilə işləyən təşkilatların, turizm sahəsi qurumlarının nümayəndələrİ, yazıçılar və mətbuat təmsilçiləri iştirak ediblər.

   AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev müzakirə iştirakçılarını salamlayaraq, möhtərəm prezidentimiz İlham Əliyevin qarşıdakı 2023-cü ili Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi  ilə əlaqədar “Heydər Əliyev İli” elan etməsinin xalqımız, eləcə də  Dünyanın Azərbaycanı sevən bütün tərəqqipərvər dairələri tərəfindən böyük məmnunluq hissi ilə qarşılandığını bildirib. O, həmçinin Nizami yurdu Gəncənin iqtisadi və mədəni inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri haqda danışaraq, bu şəhərdə vaxtılə Heydər Əliyevin əsasını qoyduğu bir sıra layihələrin indi də fəaliyyətdə olduğunu, müasir dövrümüzdə  Gəncənin uğurlu inkişaf istiqamətlərinin ölkə rəhbəri İlham Əliyev tərəfidən davam etdirildiyini qeyd edib. Akademik Fuad Əliyev qarşıdakı “Heydər Əliyev İli”nin bu böyük şəxsiyyətin Azərbaycanın tarixində tutduğu şərəfli mövqeyinə uyğun olaraq, möhtəşəm anlar ilə yadda qalacağına hər bir  vətəndaşımızın inandığını bildirib.

   Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev çıxış edərək, Ulu Öndərin 100 illk yubileyi ilə bağlı, “Heydər Əliyev İli” çərçivəsində  Gəncə içtimaiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlərin ilk növbədə cəmiyyətimiz, xüsusən gənclərimiz üçün faydalı olmasına diqqət yetirməyin vacibliyinə toxunaraq, irəli sürülən təkliflərin də bu xarakterdə olmasının məqsədəuyğunluğunu qeyd edib.

   Görüşdə “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə dair AMEA Gəncə Bölməsi, şəhərdəki ali təhsil, elmi-tədqiqat ocaqları, mədəniyyət, idman və gənclər qurumları adından, eləcə də müxtəlif sahələrdə çalışan tədqiqatçılar, yaradıcı adamlar tərəfindən irəli sürülən təkliflər dinlənilib.

   Əbədi olaraq cəmiyyətimizin tərəqqisinə xidmət edən Heydər Əliyev dühasının tədqiqi və təbliği baxımından müvafiq meyarlara uyğun gələn təkliflər seçilərək, qəbul edilib.