XƏBƏRLƏR
13.10.2022 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİNİN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

   AMEA Gəncə Bölməsinin elmi şurasının növbəti iclası yaxın perspektiv üçün elm ocağının qarşısında duran vəzifələrə həsr olunmuşdu. Belə ki, toplantıda Bölmə üzrə bir sıra tədbirlərin həyata keçirilməsi, elmi əsərlərin çapa hazırlanması, institut və şöbələr üzrə illik hesabatların dinlənilməsi və digər məsələlər müzakirə olunub.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə rəhbəri tərəfindən 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı qarşıdakı tədbirlərə dair ictimaiyyətin təkliflərinin müzakirəsi üçün bu günlərdə Bölmədə keçirilmiş ümumşəhər xarakterli toplantının nəticələrindən, həmçinin onların yerinə yetirilməsi məsələlərindən danışıb.

   Elmi şurada Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar monoqrafiyaların hazırlanması, elmi konfransların keçirilməsi, ona həsr edilmiş əsərlərdən ibarət sərginin açılması,  bu böyük şəxsiyyətin Azərbaycan Dövlətçiliyinin formalaşdırılmasındakı müstəsna tarixi xidmətləri, Heydər Əliyev dühasının Dünyanın siyasi həyatında, mətbuatında, eləcə də elmi ədəbiyyatında əks olunmuş yüksək mövqeyinin, həmçinin Ulu öndərin ölkəmizdə iqtisadiyyat, elm, təhsil, mədəniyyət,  səhiyyə və digər  sahələrin tərəqqisi naminə yorulmaz fəaliyyətinin ictimaiyyətə daha dolğun çatdırılması məsələləri müzakirə olunub.

   Ayrıca olaraq, Ulu Öndərin dahi mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin öyrənilməsinin və dünya miqyasında  təbliğinin inkişafı üçün gördüyü böyük işlərin işıqlandırılmasının  vacib olduğu da qeyd edilib.

   Elmi şurada AMEA Gəncə Bölməsinin rəsmi saytının hazırkı durumu və perspektivləri, institut və şöbələrin elmi hesabatlarının qrafikləri, həmçinin bir sıra texniki məsələlər də müzakirə olunub.