XƏBƏRLƏR
16.11.2022 / Yubileylər
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə dair AMEA Gəncə Bölməsində dəyirmi masa keçirilib

 

   Vətənimizin taleyində müstəsna rol oynamış mühüm bir tarixi hadisənin – Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də silsilə tədbirlərlə qeyd olunur. AMEA Gəncə Bölməsində də bu əlamətdar tarixə həsr edilmiş dəyirmi masa keçirilib.

   Gəncə İcra Hakimiyyətinin, YAP şəhər Təşkilatının, elmi ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

   Yubiley tədbirini giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, Gəncə Ziyalılar Cəmiyyətinin rəhbəri, akademik Fuad Əliyev çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan danışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının şədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmizin əldə etdiyi möhtəşəm hərbi və siyasi qələbələrin dövlətçiliyimizin və milli həmrəyliyimizin daha yüksək  məqamlara yüksəlməsində mühüm rol oynadığını vurğulayıb.  Akademik F.Əliyev çıxışında onu da qeyd edib ki, partiyanın sədr müavini, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın millətimizin mənəvi dəyərlərinin qorunması və inkişafı üzrə həyata keçirdiyi böyük işlər, eləcə də onun bəşəri ideallara xidmət edən beynəlxalq miqyaslı fəaliyyəti dünya  üçün yüksək siyasi mədəniyyət və insanpərvərlik örnəyidir.

   Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nurəddin İbrahimov çıxışında Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı olan bu partiyanın 30 illik inkişaf yoluna bir daha nəzər salıb. O, qeyd edib ki, Azərbaycan xalqı və onun milli təfəkkürlü ziyalıları 20-ci əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlindəki dərin siyasi böhrandan  çıxış yolunu zəmanənin böyük lideri Heydər Əliyevin rəhbərliyi altında  milli xilas və tərəqqi naminə fəaliyyət göstərə bilən yeni bir siyasi təşkilatın yaradılmasında görürdü və tarixin gedişi bunun həqiqətən də  yeganə  düzgün seçim olduğunu sübut etdi. N.İbrahimov hazırda YAP-ın 774 min nəfərədək üzvü olduğunu və partiyanın həmişə fəallığı ilə ön mövqelərdə olan Gəncə təşkilatının da öz sıralarında 45 min nəfərdən çox insanı birləşdirdiyini xatırladıb.

   Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov öz çıxışında Gəncə və gəncəlilərin dövlətə, dövlətçiliyə daim sədaqət nümayiş etdirdiklərini qeyd edərək, partiya üzvlərinin ölkəmizin sosial-iqtisadi və mədəni tərəqqisinin təmin edilməsi yönündə tutduqları fəal mövqeyə  diqqət çəkib.

   AMEA Gəncə Bölməsinin YAP ərazi təşkilatının sədri, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov çıxışında partiya üzvü olan alimlərin, eləcə də gənc tədqiqatçıların öz fəaliyyətlərində Azərbaycan həqiqətlərinin və dövlətimizin haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyi məsələsindən bəhs edib. O, həmçinin qeyd dib ki, AMEA Gəncə Bölməsinin kollektivi Yeni Azərbaycan Partiyasının tərəqqipərvər amallarına uyğun olaraq, səmərəli elmi fəliyyət ilə yanaşı yüksək vətəndaşlıq mövqeyi ilə şəhərin ictimai həyatında fəal rol oynayır, ölkəmizin tərəqqisinə öz töhfələrini verir. Bu elm ocağının rəhbərliyi və əməkdaşları arasnda “Vətənə xidmətə görə”, “Şöhrət” ordenləri, “Tərəqqi” medalı, həmçinin  “Əməkdar müəllim”, “Əməkdar mühəndis” adları daşıyıcılarının olması buna sübutlardandır. E. Həsənov millətimizin şanlı zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindəki  döyüşlərdə Gəncə Bölməsinin bir nəfər əməkdaşının da iştirak edərək, təltif olunduğunu diqqətə çatdırıb.

   Bölmənin elmi kitabxanasının müdiri Vüsalə Hüseynova isə çıxışında Azərbaycan  qadınlarının, o cümlədən zərif cinsin alim və tədqiqatçı nümayəndələrinin partiyanın fəaliyyətində əhəmiyyətli mövqeyə  malik qüvvə olduğuna diqqət çəkərək,  AMEA Gəncə Bölməsinin kollektivinin 70 faizinin qadınlardan ibarət olduğunu, onlardan təkcə cari il ərzində 3 nəfərinin müdafiə edərək, elmi ad aldıqlarını bildirib. O, həmçinin kollektivdə çalışan qadınlardan 3 nəfərinin Vətən müharibəsi iştirakçısının anası, 4 nəfərinin isə həyat yoldaşı olduğunu qeyd edib.

   Tədbir öz elmi və ictimai fəaliyyətlərində nümunəvi mövqeyi ilə seçilən bir qrup alim və tədqiqatçıların YAP Gəncə Şəhər Təşkilatının və AMEA Gəncə Bölməsinin Fəxri Fərmanları ilə təltif edilməsi ilə başa çatıb.