XƏBƏRLƏR
19.12.2022 / Konfranslar, iclaslar
AMEA-da təşkil edilən “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusundakı beynəlxalq konfransda Gəncə Bölməsinin əməkdaşlarının tədqiqatları yüksək qiymətləndirilib

   AMEA-da “Şuşa İli” çərçivəsində görülmüş işlərin yekunlarına həsr olunan “Akademiyanın Şuşanaməsi: ədəbi-tarixi ənənə və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

   www.science.gov.az saytına istinadən məlumat veririk ki,  konfrans çərçivəsində “Şuşa İli”nə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə AMEA əməkdaşlarının çəkdikləri rəsm əsərləri, eləcə də AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən 2021-2022-ci illər ərzində çap olunmuş kitablar, monoqrafiyalar, atlas və broşürlər nümayiş etdirilib.

   Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Milli Məclisin deputatları Zahid Oruc, Tural Gəncəliyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli, AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları, türkiyəli qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

   Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

   Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu tərəfindən həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində mütləq Zəfərlə başa çatan Vətən müharibəsinin ölkəmizin çoxəsrlik tarixinin ən nadir və parlaq səhifələrindən biri olduğunu deyib. Qeyd edib ki, Qarabağda qazanılmış tarixi Qələbə ilə Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Dövlət başçısının rəhbərliyi altında Qarabağda və Şərqi Zəngəzurda geniş quruculuq işlərinin aparıldığını deyən akademik İsa Həbibbəyli bu istiqamətdə qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Azərbaycan tarixinin ən böyük dövlət proqramlarından birincisi olduğunu söyləyib. Həmçinin Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması istiqamətində atdığı addımların Azərbaycanın Avrasiya məkanında rolunu və mövqeyini gücləndirəcəyini bildirib.

   AMEA rəhbəri son günlərdə yüksək vətənpərvərlik nümayiş etdirərək və Azərbaycançılıq mövqeyindən çıxış edərək Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində gənclərin və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin keçirdiyi etiraz aksiyası ilə Azərbaycan alimlərinin də həmrəy olduğunu və onlara dəstək verdiklərini ifadə edib.

   “Şuşa İli” çərçivəsində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri tərəfindən Qarabağ və Şərqi Zəngəzurla bağlı geniş tədqiqatların aparıldığını deyən akademik İsa Həbibbəyli Akademiyada 190-a yaxın kitabın (6-sı xarici dildə) çap olunduğunu, 400-dən çox məqalənin (11 ölkədə) işıq üzü gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, 30 il ərzində tədqiqatlardan kənar qalmış Qarabağın tarixi, folkloru, etnoqrafiyası, coğrafiyası, toponomiyası, iqlim xüsusiyyətləri, seysmoloji aktivliyi ilə bağlı AMEA-da mühüm araşdırmalar aparılıb və çap olunmuş əsərlər 70 səhifəlik biblioqrafik göstəricidə əksini tapıb. “Şuşa İli” çərçivəsində AMEA-da görülmüş işləri Qarabağın kompleks və sistemli şəkildə öyrənilməsi dövrünün başlanğıcı kimi qiymətləndirən akademik İsa Həbibbəyli tarixçi alimlər tərəfindən Birinci və İkinci Qarabağ müharibəsinin elmi salnaməsinin günbəgün yazılaraq gələcək nəsillərə çatdırılmasının, eləcə də Böyük Qayıdışla bağlı əsərlərin hazırlanmasının vacibliyini vurğulayıb: “Prezident İlham Əliyevin çağırışları Azərbaycan elmini dərindən düşündürməli, bu istiqamətdə və Qarabağda aparılan geniş quruculuq işlərində elmin dəstəyi hiss olunmalı, alimlərimiz öz ideyaları ilə prosesləri qabaqlamalıdırlar. Akademiyanın böyük potensialı var və Azərbaycan alimləri əsərləri və tədqiqatları ilə bu proseslərə dəstək verməlidirlər”.

   Konfransda Milli Məclisin deputatı Zahid Oruc, Milli Məclisin deputatı Tural Gəncəliyev, Türkiyənin İstanbul Universitetinin alimi, prof. Dr. Necmi Karul və başqaları çıxış edərək beynəlxalq tədbirin mövzusu ilə bağlı öz fikirlərini səsləndirmişlər.

   Beynəlxalq Konfransda  AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov da iştirak etmişdir. Gəncə Bölməsinin  əməkdaşlarının müəllifi olduqları  “Vətən Müharibəsi Gəncə şəhidləri”, “Qarabağ mətbəxinin inciləri”, “Qarabağ Azərbaycandır nidasından Şuşa ilininə” kitabları və “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” respublika konfransının matetialları kitabı sərgidə nümayiş olunmuşdur.

   Daha sonra AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları Fəxri Fərmanlarla təltif edilmişlər.

   Təltif edilənlər sırasında AMEA Gəncə Bölməsinin əməkdaşları da vardır. AMEA Gəncə Bölməsinin sədri , akademik Fuad Əliyev AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı, tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov, Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva, Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Aynurə Əmiraslanova, baş mütəxəssis Elnur Həsənov və böyük elmi işçi Mətanət Əliyeva AMEA Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanları ilə təltif edilmişlər.