XƏBƏRLƏR
08.02.2023 / Konfranslar, iclaslar
Elmi Şuranın iclasında Bölmənin 2022-ci ildəki fəaliyyətinin AMEA Rəyasət Heyətindəki müzakirələrindən irəli gələn vəzifələr haqda danışılıb

 

   Fevralın 7-də AMEA Gəncə Bölməsinin Elmi Şurasının iclası keçirilib. Bölmənin sədri, akademik Fuad Əliyev  Türkiyədə baş verən təbii fəlakət – güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması və yaralanması xəbərinin ölkəmizdə dərin kədər və üzüntü ilə qarşılandıqğnı,  bu ağır anlarda qardaş xalqın yanında olaraq, onların ağrı-acısını bölüşdüyümüzü qeyd edib və Gəncə ziyalıları adından başsağlığı ifadələrini dilə gətirib.

   Akademik Fuad Əliyev AMEA Rəyasət Heyətində 2022-ci il üzrə Gəncə Bölməsinin hesabatının dinlənilməsi zamanı AMEA-nın Prezidenti akademik İsa Həbibbəylinin söylədiyi fikirləri toplantı iştirakçılarının diqqətinə çatdırıb. Belə ki, İl ərzində Gəncə Bölməsi alimlərinin sistemli tədqiqatlar apardıqlarını və real nəticələr əldə etdiklərini bildirən akademik İsa Həbibbəyli nizamişünaslıq sahəsində, xüsusilə ədibin şəcərəsi istiqamətindəki tədqiqatları, eləcə də Qərb bölgəsinin folkloru, arxeologiyası, etnoqrafiyası ilə bağlı araşdırmaları yüksək qiymətləndirib.

   Bölmənin sədri həmçinin qeyd edib ki, akademik  İ. Həbibbəyli Uli Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısı tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı alimlərimizin qarşısında duran vəzifələrdən də danışıb.  İ. Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin bu yubiley ilindəki İclaslarından birinin Gəncədə keçirilməsini də  təklif edib.

   Elmi Şuranın iclasında həmçinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında ” ölkə Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq, AMEA Gəncə Bölməsinin nəzdində fəaliyyət göstərmiş təbiət və texniki elmlər yönlü institutların və qurumların idarəetmə və struktur dəyişikliklərinin tam təmin edilməsi üzrə zəruri tədbirlər haqda da danışılıb. Həmin institutlarda həyata keçirilməsi vacib olan idarəetmə, struktur və iş prosesi dəyişikliklərinə dair məsələlər müzakirə edilib.

   Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru vəzifəsini icra edən, fəlsəfə doktoru İmran Qasımov,  Aqrar Problemlər İnstitutunun direktoru vəzifəsini icra edən, fəlsəfə doktoru Sədaqət Adıgözəlova, eləcə də AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış  ediblər. Onlar göstərilən etimada görə minnətdarlıq bildirərək, rəhbərlik etdikləri qurumlarda elmi tədqiqatların istiqamətlərinin genişləndirilməsi və yüksək nəticələr əldə olunması yönündə səmərəli fəaliyyət göstərəcəklərini qeyd ediblər.