XƏBƏRLƏR
13.02.2023 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsinin Elmi Şurasının növbəti iclası keçirilib

   Toplantıda AMEA Gəncə Bölməsinin sərdri, akademik Fuad Əliyev bir daha bu elm ocağının 2022-ci ildəki fəaliyyətinin AMEA Rəyasət Heyətində müzakirəsi zamanı toxunulan məsələlərdən danışıb. O, xatırladıb ki, həmin iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ötən İl ərzində Gəncə Bölməsi alimlərinin sistemli tədqiqatlar apardıqlarını və real nəticələr əldə etdiklərini qeyd edib, xüsusən nizamişünaslıq sahəsində, eləcə də Qərb bölgəsinin folkloru, arxeologiyası, etnoqrafiyası ilə bağlı araşdırmaları yüksək qiymətləndirib.

   Akademik F. Əliyev AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin əməkdaşlarının ildən-ilə öz elmi araşdırmalarını genişləndirməsini təqdirəlayiq hal kimi dəyərləndirib. O, həmçinin ölkəmizdə nizamişünaslıq üzrə sanballı elmi tədqiqatlar ocağı olan bu Mərkəzin yaradılması anından ona rəhbərlik etmiş mərhum görkəmli alimimiz, əməkdar elm xadimi, profesor Xəlil Yusiflinin yaratdığı ənənələrin davam və inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu baxımdan, o, nizamişünaslıq sahəsində son illər özünün fəal çalışmaları ilə seçilən, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun Mərkəzə rəhbərlik etməsi üzrə namizədliyi məsələsini AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ilə müzakirə etdiyini də bildirib.

   Çıxış edənlər də Bölmənin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Əlimuxtar Muxtarovun işgüzarlıq və peşəkarlıq xüsusiyyətlərini yüksək qiymətləndirərək, onun Mərkəzə rəhbərliyi namizədliyini dəstəklədiklərini bildiriblər.

   Əlimuxtar Muxtarov çıxışında AMEA Gəncə Bölməsində Nizami Gəncəvi Mərkəzinin  yaradılmasının təşəbbüskarı olduğuna və daim Mərkəzdəki tədqiqatları xüsusi diqqətdə saxladığına, eləcə də ona göstərdiyi bu etimada görə Bölmənin sədri, akademik Fuad Əliyevə minnətdarlıq bildirərək, bu etimadı doğrulrmaq üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.

   Elmi Şurada həmçinin AMEA Gəncə Bölməsinin dövri elmi nəşrlərində, o cümlədən “Nizamişünaslıq” jurnalında şap olunan araşdırmaların xarici dillərə tərcümə edilərək dərc olunmasının vacibliyi müzakirə edilib.

   Toplantıda həmçinin ölkə başçısının elan etdiyi “Şuşa İli”ndə öz elmi nəaliyyətləri, o cümlədən müxtəlif elmi konfranslarda fəal iştirakı ilə fərqlənən əməkdaşlara –  tarix elmləri doktoru, professor Həsənbala Sadıqova, Bölmənin elmi katibi Elnur Həsənova, elmi işçi Təranə Verdiyevaya, böyük elmi işçi Mətanət Əliyevaya, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarova və elmi işçi Aynurə Əmiraslanovaya AMEA Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanları təqdim edilib.