XƏBƏRLƏR
23.02.2023 / Mühüm hadisələr
Gəncədə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi” mövzusunda tədbir keçirilib

   Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA Gəncə bölməsinin təşkilatçılığı ilə dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün təbliğ olunması məqsədi ilə maarifləndirmə tədbiri keçirilib.

   “Heydər Əliyev İli” çərşivəsində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, AMEA Gəncə Bölməsinin, Kəpəz və Nizami bələdiyyələrinin, habelə yerli KİV-lərin nümayəndələri iştirak ediblər.

   Qeyd olunub ki, Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin siyasəti bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

   Məruzələrdə Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaratdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da xüsusi əhəmiyyət kəsb edir.

   Vurğulanıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

   Tədbir qarşılıqlı fikir mübadiləri şəraitində davam edib.