XƏBƏRLƏR
24.02.2023 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan dəyirmi masa keçirilib

   Tədbir  Gəncə  şəhər  İcra Hakimiyyəti və Azərbaycan  Milli  Elmlər  Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

   Dəyirmi masa iştirakçıları bəşəriyyətin ən ağır cinayətlərindən olan, Erməni silahlı birləşmələri və onların himayədarları tətəfindən 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bötövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

   Konfransı giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq Xocalı soyqırımını tərəqqipərvər bəşəriyyətin məqsədlərinə xəyanət kimi dəyərləndirərək, erməni faşizminin insanlığa zidd xislətinin dünya ictimaiyyətinə çatdırılmasında alimlərimizin böyük rolu olduğunu qeyd etmişdir. Xüsusən əldə olunan materialların xarici dillərə tərcümə olunaraq dünya kitabxanlarına və beynəlxalq siyasi qurumlara göndərilməsi qeyd olunmuşdur.

   Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, YAP Gəncə Təşkilatının məsul nümayəndəsi Yüksəl Məmmədov öz çıxışlarında Xocalı faciəsinin əsl siyasi qiymətinin verilməsinin Ulu Öndər Heydər Əliyevin Respublika rəhbərliyinə qayıdışından sonra mümkün olduğunu qeyd etmişlər. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın zəbt olunmuş torpaqları azad edildikdən sonra, həmin ərazilərdə yeni kütləvi məzarliqlar aşkarlandı və bu cinayət faktları bütün dünyaya bəyan edildi. Prezident cənab İlham Əliyevin ölkəmizə gələn hər bir xarici jurnalistlərə Azərbaycan həqiqətlərini bəyan etməklə erməni faşizminin iç üzünü açdı.

   Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizlə erməni terroru qurbanlarının və döyüşlərdə canlarından keçmiş şəhidlərimizin qisasının alındığını qeyd olundu.

   Məruzələrlə AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri Professor Həsənbala Sadıqov “Soyqırımların tarixinin araşdırılması haqqında”, CBC Teleradio Şirkətinin əməkdaşı Ramil Babayev “Xocalı faciəsinin tanıdılmasında mətbuatın rolu”, AMEA Gəncə Bölməsinin İctimaiyyətlə Əlaqələr  şöbəsinin müdiri Zakir Muradov “Tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti”, AMEA Gəncə Bölməsinin Elmi Katibi Elnur Həsənov “Xocalı soyqırımı müasir gənclərin nəzərində” və AMEA Gəncə Bölməsinin Elmi Kitabxanasının müdiri Vüsalə Hüseynova “Qarabağda aşkar edilmiş kütləvi məzarlıqlar” mövzularında çıxış ediblər.

   Çıxışlar ətrafında müzakirələrdən sonra, AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev tədbirə qatılan qonaqlara təşəkkürünü bildirib. O, həmçinin dəyirmi masada səsləndirilən mövzuların elmi və ictimai əhəmiyyətini qeyd edərək, bu materialların ingilis dilinə tərcüməsinin hazırlanması və onların çap və elektron formasında yayılması haqda Bölmənin müvafiq şöbələrinə göstəriş verib.