XƏBƏRLƏR
31.03.2023 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİNDƏ “31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇIRILIB

   Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən “31 Mart - Azərbaycanlilarin soyqirimi” mövzusunda dəyirmi masa keçirilib.

   Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açılış nitqində 31 Mart – Azərbaycanlıların soyqırımı gününün tariximizin ən qanlı səhifələrindən olduğunu və bu hadisənin 1918-ci ildə millətimizin  yenicə formalaşmağa başlamış müstəqillik ideyasını boğmaq, Azərbaycanlıları qətlə yetirməklə onların əzəli torpaqlarına sahib çıxmaq və bu coğrafiyada etnik tərkibi öz siyasi planlarına uyğun şəkildə dəyişdirmək  məqsədilə bolşevik-daşnak alyansı tərəfindən qabaqcadan düsünülmiş terror aktı olduğunu diqqətə çatdırıb. Akademik F. Əliyev milətimizin qan yaddaşının ən ağır və ibrətli anlarından olan 31 Mart tarixinin əsl siyasi statusunun Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldığını vurğulayaraq, Ümummilli Liderin  ölkəmizin başçısı kimi 1998-ci il martın 26-da imzaladığı fərmanı ilə həmin tarixin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunduğunu bildirib.

   Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev öz çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən mart ayının 31-nin Azərbaycanlıların soyqırımı günü kimi rəsmiləşdirilməsinin millətimizin tarixin dərslərindən lazımi ibrət götürərək, düşmənlərimizin niyyətlərini hər an dəf etməyə hazır olması zərurətindən irəli gəldiyini qeyd edib. A. Tağıyev bu xüsusda, 20-ci əsrdə – 1905-ci, 1917-18-ci, 1948-52-ci, eləcə də 1988-93-cü illərdə ermənilərin xalqımıza qarşı öz məkrli niyyətlərini, qəsbkarlıq və terror əməllərini sistemli şəkildə həyata keçirdiklərinə diqqət çəkərək, unutqanlığı təhlükəsizliyimiz üçün təhlükə kimi dəyərləndirib. A. Tağıyev həmçinin qeyd edib ki, dövlətçiliyimizin qorunması və ona qarşı məkrli planların qarşısının alınması üçün  Heydər Əliyevin formalaşdırdığı strateji xəttin davamının ən yüksək təzahürü Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı və xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq, düşmənə sarsıdıcı zərbə vurulması olmuşdur.

   Tədbirə qonaq kimi qatılan ziyalı-alim, Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev öz çıxışında tarixi qələbəmizin nəticələrinin və inkişafımızın təminatı, ölkəmizin daha da çıçəklənməsi üçün hər bir vətəndaşımızın öz üzərinə düşən vəzifələri dərk etməsinin və ən əsası, yetkin cəmiyyətin formalaşdırılmasının zəruri olduğunu vurğulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Samirə Qasımova isə tarixi tədqiqatlar zamanı məsələyə konseptual yanaşmanın vacibliyi haqda danışıb.

   Dəyirmi masada AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, professor Həsənbala Sadıqov “Soyqırımlar tarixi arxiv sənədlərində”, Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun direktoru, dosent İmran Qasımov “31 Mart soyqırımı xarici jurnalistlərin gözü ilə”, AMEA Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr  şöbəsinin müdiri Zakir Muradov “Mart soyqırımı mətbuat səhifələrində”, AMEA Gəncə Bölməsinin Elmi katibi Elnur Həsənov “XX əsrdə törədilmiş soyqırımların tarixi şərtləri”, AMEA Gəncə Bölməsi Elmi kitabxananın müdiri Vüsalə Hüseynova “Arxiv və kitabxanalarda qorunan, soyqırımlara aid mənbələr”  mövzularında məruzələrlə çıxış ediblər.

   Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

   Tədbirin sonunda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış və müzakirələrin elmi yanaşma üzərində qurulduğunu, dəyirmi masada səsləndirilən fikirlərin mövzu üzrə gələcək tədqiqatlar üçün faydalı olacağına əminlik ifadə edib.