XƏBƏRLƏR
05.05.2023 / Yubileylər
AMEA Gəncə Bölməsində “Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda Respublika Konfransı keçirilib

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,  Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika konfransı keçiriblər. Konfransa Respublikanın elm və ali təhsil ocaqlarının alim və tədqiqatçıları qatılıblar.

   Mötəbər elmi tədbirdən əvvəl iştirakçılar müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini onun Gəncənin mərkəzindəki abidəsinin önünə qül-çiçək dəstələri qoymaqla yad ediblər.

   Sonra qonaqlar AMEA Gəncə Bölməsində Ulu Öndərin Azərbaycanın quruculuq straregiyasının çoxistiqamətli tədqiqi yönündə ərsəyə gətirilmiş monoqrafiya, kitab, kataloq və digər elmi nəşrlər, eləcə də Heydər Əliyevin bu şəhərə tarixi səfərlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.

   Konfransının başlanğıcında Azərbaycan Respublikasının Himni səslənib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfrans iştirakçılarını salamlayaraq, Heydər Əliyev Ömrünün istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu,  Ulu Öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın, milli-mənəvi dəyərlərinizin intibahı, eləcə də  Gəncənin inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq oloduğunu qeyd edib və  bu mötəbər elmi toplantının da bu məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.

   Konfrans AMEA Gəncə Bölməsi tərəfindən hazırlanmış “ Heydər Əliyev və Gəncə” videofilminin nümayişi ilə başlayıb.

   Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev öz çıxışında böyük elmi və ictimai əhəmiyyət kəsb edən bu konfransın təşkili üçün AMEA Gəncə Bölməsinin əməkdaşlarına və bu elm ocağının rəhbəri, akademik Fuad Əliyevə minnətdarlıq bildirib. A. Tağıyev Ulu Öndərin Azərbaycanın inkişaf strategiyasında Gəncənin roluna xüsusi diqqət ayırdığını, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsilə böyük nailiyyətlərə qovuşduğunu qeyd edib.

   İki gün davam edən respublika Konfransında  AMEA Gəncə Bölməsindən - sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyeva  “Ulu Öndərin milli-mədəni intibah amalı  və Gəncənin musiqi mədəniyyəti”, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov “Heydər Əliyevin Gəncədəki nitqi tarixi mənbə kimi”, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Gəncə: Ulu Öndərin sevimli şəhəri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Ulu Öndər Heydər Əliyevin ictimai-ədəbi fəaliyyətində Gəncənin klassik mütəfəkkirlərinin yeri”, böyük elmi işçi Mətanət Əliyeva “Milli dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin xidmətləri”, kiçik elmi işçi Aynur Mirişli  “Heydər Əliyev ziyalılığı”, elmi katib Elnur Həsənov “Tarixi abidələrimizin qorunmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri”, elmi kitabxananın müdiri Vüsalə Hüseynova “Elmin və  təhsilimizin hamisi Ulu Öndər Heydər Əliyev”, Gəncə Dövlət Universitetindən - pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bayram Apoyev “Heydər  Əliyevin Gəncə şəhərinə xüsusi münasibəti – Nizami yurduna və irsinə məhəbbətin təzahürü kimi”, fizika-riyaziyyat elmləri namizədi, professor Eldar Həsənov “Heydər Əliyev multikulturalizmin Azərbaycan modelinin formalaşmasında rolu”, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadə “Ulu Öndər Heydər Əliyev və müstəqillik dövründə Gəncə şəhərinin sosial iqtisadi həyatı”, tarix üzrə fəlsəfə doktoru, baş müəllim Təranə Behbudova “Azərbaycan Respublikası və Rusiya Federasiyası ilə münasibətlərin yaradılmasında Ümummilli Lider  Heydər Əliyevin rolu”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent əvəzi Arifə Əhmədli “Ulu Öndər Heydər Əliyevin Gəncəbasar regionunun  qeyri-maddi mədəni irsinə  diqqət və qayğısı”, Milli Azərbaycan Tarixi Muzeyindən - tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadov “Heydər Əliyev: Azərbaycançılıq və xalqlar dostluğunun təbliğinə dair (1969-1993- cu illər)”, baş mütəxəssis Qənirə Qafarlı “Heydər Əliyev Fondunun milli dəyərlərin təbliği istiqamətində fəaliyyəti”, Şirvan şəhəri 16 №-li tam orta məktəb, filologiya üzrə fəlsəfə doktoru, müəllim Şəhla Məcidova “Müdrik dövlət xadimi”,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun böyük elmi işçisi Seymur Əhmədov “Heydər Əliyev müasir Gəncə tarixinin qurucusu kimi”, Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi Xatirə İsmayılova “Ulu Öndər Heydər Əliyevin Azərbaycan elm və mədəniyyətinin inkişafında rolu”, H. Əliyev adına Coğrafiya İnstitutunun dissertantı Mirmahmud  Quliyev “Azərbaycanda  Heydər  Əliyev torpaq siyasəti: nəticələr, yeni çağırışlar”  mövzularında çıxış ediblər.

   Məruzələr ətrafında müzakirələr aparılıb.

   Sonda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev konfransdakı maraqlı çıxışlarına görə iştirakçılara təşəkkür edib. O, bu elmi toplantının materiallarının Bölmə tərəfindən ayrıca kitabça halında nəşr edildilyini də diqqətə çatdırıb.