XƏBƏRLƏR
25.05.2023 / Görüşlər
AMEA Gəncə Bölməsində “Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda dəyirmi masa keçirilib

TƏDBİRDƏ “HEYDƏR ƏLİYEV VƏ GƏNCƏ” MONOQRAFİYASI  VƏ DAHİ RƏHBƏRƏ HƏSR OLUNMUŞ SƏNƏDLİ FİLM TƏQDİM EDİLİB

   Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan etdikdən sonra  Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində  Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Bölmənin əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyev və Gəncə” monoqrafiyası və həmin mövzuda çəkilmiş  sənədli film  şəhər ictimaiyyəti tərəfində böyük rəğbətlə qarşılanmışdır. Bu fikirlər AMEA Gəncə Bölməsində keçirilən dəyirmi masadakı müzakirələr zamanı bildirililb.

   Dəyirmi masada Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xəzəngül Hüseynova, “Şöhrət” ordenli əməkdar məşqçi Elçin Zeynalov, AZ TV-nin uzun illər əməkdaşı olmuş Əhməd Qədiroğlu, əməkdar müəllim İlham Həsənov, veteran həkim, tib  elmləri namizədi Süleyman Piriyev, Azərbaycan Dövlət Aqrar Universitetin əməkdaşı, texnika elmləri namizədi  Nüsrət Hüseynov, tarix üzrə fəlsəfə doktoru İlham Əlizadə dahi rəhbərlə bağlı görüşləri barədə  maraqlı məlumatlar vermişlər.

   Tədbiri giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dəyirmi masa iştirakçılarını salamlayaraq, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu,  eləcə də Ulu Öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, Azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən onun Gəncənin inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib. Akademik F. Əliyev AMEA Gəncə Bölməsi tərəfindən ərsəyə gətirilən “Heydər Əliyev və Gəncə” monoqrafiyasını təqdim edib və vurğulayıb ki, Respublikamızın ikinci şəhərinin başlıca elm ocağının - AMEA Gəncə Bölməsinin  əməkdaşlarının Ulu Öndərin yubileyinə daha bir ərməğan kimi hazırladıqları, “Elm” nəşriyyatında zövqlü tərtibatda nəşr olunan bu kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdə onun Gəncəyə səfərləri barədə müfəssəl məlumat, bu səfərlər zamanı Ümummilli Liderin çıxışlarının və  dialoqlarının tam mətnləri ilə yanaşı Gəncədən olan elm, təhsil, səhiyyə və mədəniyyət xadimlərinin Ulu Öndərlə bağlı xatirələri də yer alıb.

   Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında şəhərimizdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edərk, yüksək ictimai-siyasi əhəmiyyətini vurğulayaraq, alim və ziyalılarımızın bu yöndəki fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.

   Dəyirmi masada AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix Şöbəsinin müdiri Həsənbala Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, güləş üzrə Olimpiya, dünya və Avropa çempionları yetişdirmiş  “Şöhrət” ordenli əməkdar məşqçi  Elçin Zeynalov, əməkdar jurnalist, Azərbaycan Televiziyasının əməkdaşı, ”Tərəqqi” medallı Əhməd Qədiroğlu, əməkdar müəllim İlham Həsənov, qocaman həkim Süleyman Piriyev, qabaqcıl təhsil işçisi Nüsrət Hüseynov və tarix üzrə fəlsəfə doktoru İlham Əlizadə çıxış edərək, Ulu Öndərin  dövlətçiliyimizin xilası və ölkənin varlığının sabit dinamikasının təmin olunmasında müstəsna tarixi xidmətlərindən danışıblar, eləcə də onun Azərbaycanın ümumi inkişaf strategiyasında daim Gəncənin roluna xüsusi diqqət ayırdığını, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan bu şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsi ilə böyük nailiyyətlərə qovuşduğunu qeyd ediblər.

   Çıxışçılar həmçinin AMEA Gəncə Bölməsi tərəfindən ərsəyə gətirilmiş “Heydər Əliyev və Gəncə” monoqrafiyasının  nəşrini və səsndli filmin təqdimatını tarixi bir hadisə kimi  dəyərləndirərək, kitabın istər elmi-kütləvi, istərsə də tədqiqat xarakterli mötəbər mənbə olduğunu qeyd ediblər. “Heydər Əliyev və Gəncə” sənədli filmində Ulu Öndərin 12 dəfə Gəncəyə səfər etdiyi məqamlar, onun qərar və səsəncamları əsasında inşa olunan zavod, fabrik, elm-təhsil, mədəniyyət, səhiyyə obyektləri haqda məlumatlar oz əksini tapmışdır. 

   Tədbirin sonunda AMEA Gəncə Bölməsinin sədri, akademik F.Əliyev maraqlı fikirlərini, eləcə də Ulu Öndər Heydər Əliyevlə bağlı qiymətli xatirələrini bölüşdüklərinə görə çıxışçılara minnətdarlığını bildirib. Dəyirmi masanın iştirakçılarına “Heydər Əliyev və Gəncə” monoqrafiyası və AMEA Gəncə Bölməsi tərəfindən həmin mövzuda hazırlanan sənədli filmin diski hədiyyə olunub.

   Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.