XƏBƏRLƏR
26.05.2023 / Görüşlər
AMEA Gəncə Bölməsində “Heydər Əliyev və Nizami Gəncəvi irsi” mövzusunda dəyirmi masa keçirilib

   TƏDBİRƏ QATILAN ŞİRVAN MƏKTƏBLİLƏRİ ÜÇÜN GƏNCƏNİN TARİXİ VƏ GÖRMƏLİ YERLƏRİNƏ MARAQLI EKSKURSİYA DA TƏŞKİL EDİLİB

   Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi və Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət İdarəsi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Nizami Gəncəvi irsi” adlı dəyirmi masa keçiriblər. İki günlük, maarifçi xarakterli bu tədbirə Şirvan şəhəri 16 nömrəli orta məktəbin şagirdləri də  dəvət olunmuşdular.

    Toplantıdan əvvəl iştirakçılar Ulu Öndər Heyər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək, onun önünə gül-çiçək dəstələri qoyublar.

   Dəyirmi masanı giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları, o cümlədən Şirvan şəhəri 16 nömrəli məktəbin müəllimi Şəhla Məcidova və onun şagirdlərini salamlayaraq, bu tədbirin özünəməxsus maarifçi missiya daşıdığını vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənc nəslə daha dolğun çatdırılması yönündə bu cür görüşlərin olduqca əhəmiyyətli olduğunu bildirib. Akademik F. Əliyev həmçinin Ulu Öndərin Azərbaycanın inkişafı strategiyasında Gəncə şəhərinə xüsusi diqqət ayırdığını, eləcə də böyük mütəfəkkirimiz Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğinə millətimizin mənəvi qüdrətinin yüksəlişi üçün vacib ideoloji məsələ kimi baxdığına diqqət çəkib.

   Dəyirmi masada çıxış edən  Gəncə Regional Mədəniyyət İdarəsinin müdir əvəzi Süleyman Əliyev, Şirvan şəhəri 16 nömrəli orta məktəbin dil-ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova, Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin nümayəndəsi İlknur İsgəndərova, Gəncə şəhəri 11 nömrəli məktəbin direktor müavini Həqiqət Hacıyeva, Gəncə şəhəri Nizami Muzeyinin direktoru Elşən Hacıyev və AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin millətimiz və dövlətçiliyimiz naminə əzmkar fəaliyyəti, eləcə də onun Nizami Gəncəvinin yaradıcılığı və fəlsəfəsinə həssas münasibətindən danışılıb.

   Müzakirələrin sonunda akademik Fuad Əliyev məktəbliləri Gəncənin əlamətdar yerlərinə maraqlı ekskursiya gözlədiyini bildirərək, onlara uğurlar arzulayıb.

   Məktəblilər vətənpərvərlik ruhlu şeirlər söyləyərək, tədbiri rövnəqləndiriblər.

   Sonra məktəblilər   Heydər Əliyev Mərkəzində, Nizami Gəncəvi Məqbərəsində, Nizami Gəncəvi Muzeyində, “İmamzadə” dini-tarixi kompleksində, Cavad xan Türbəsində, Gəncə Dövlət Filarmoniyasında, Məhsəti Gəncəvi Mərkəzində, Şah Abbas cümə məscidi və Çökək hamam tarixi memarlıq kompleksində, eləcə də Gəncə şəhərinin raket hücumuna məruz qalan ərazisində olublar. AMEA Gəncə Bölməsinin əməkdaşları tərəfindən məktəblilərə bu əlamətdar yerlər haqda ətraflı məlumatlar verilib.