XƏBƏRLƏR
01.06.2023 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsinin alimləri beynəlxalq konfransda iştirak ediblər

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMIŞ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGIYASI: NEFT-QAZ GEOLOGİYASI VƏ GEOTEXNOLOGİYALARINDA İRƏLİLƏYİŞLƏR” MÖVZUSUNDA BAKIDA KEÇİRİLMİŞ BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANSDA “GƏNCƏDƏ KİMYA SƏNAYESİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ” MÖVZUSUNDA MƏRUZƏ BÖYÜK MARAQ DOĞURUB

    Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda iki günlük beynəlxalq elmi-praktik konfrans keçirilib.

   Mötəbər elmi konfransda Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin əsaslarının qurulması və ölkəmizin inkişafının təmin olunmasının başlıca amillərindən olan Azərbaycan neft strategiyamızın formalşdırılması  naminə əzmkar fəaliyyətindən danışılıb.

   Konfransın “Elm və texnologiyanın inkişafı tarixi” sessiyası üzrə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Rəyasət Heyəti sədrinin müavini Sara Əzizovanın birgə təqdim etdikləri “Gəncədə kimya sənayesinin inkişaf mərhələləri” mövzusunda məruzə maraqla qarşılanıb.

   “Məruzədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Gəncə şəhərində kimya sənayesinin ədəbiyyatda hələ indiyədək lazımınca öz əksini tapmamış tarixi və onun əsas inkişaf mərhələləri haqqında ətraflı məlumat verilib. Orada həmçinin qeyd edilib ki, XX əsrin sonuncu qərinəsində Gəncədə kimya sənayesinin inkişaf tarixi və onun perspektivləri tarixi Heydər Əliyevin adı ilə ayrılmaz surətdə bağlıdır. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin uzaqgörən siyasəti və idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Sənayenin inkişafı, ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetləri Gəncə şəhərinin də  dinamik inkişafına səbəb olmuşdur” – deyə, məruzəçi Sara Əzizova bildirib.

   Beynəlxalq elmi-praktik konfransda 8 elmi sessiya üzrə ümumən 131 məruzə dinlənilib.