XƏBƏRLƏR
25.10.2019 / Konfranslar, iclaslar
Ekoloji problemlərin həllinə dair seminar  

     Bu gün dünya alimlərini maraqlandıran ən qlobal məsələlərdən biri də ekoloji təmiz mühitin əldə olunmasıdır. Bir çox elmi mərkəzlərdə olduğu kimi, AMEA-nın Gəncə Bölməsində Qərb bölgəsinin tullantılarının monitorinq olunması və əldə olunan nəticələr əsasında yeni texnoloji üsulların hazırlanmasıdır.

     Bu məqsədlə AMEA Gəncə Bölməsində Rusiyanın  Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birlikdə  ekoloji tədqiqatlar mövzusunda  seminar  keçirmişdir.                                                                     

     Seminarda Bölmənin elmi-tədqiqat İnstitutları ilə bərabər, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universitetinin alimləri və laboratoriya müdirləri iştirak etmişlər.

     Seminarı giriş sözü ilə AMEA  Gəncə Bölməsinin sədri, akademik  Fuad Əliyev açaraq  qonaqları səmimi  salamlamış və qeyd etmişdir ki, davamlı inkişaf naminə dünyanı zərərli amillərdən xilas etmək məqsədilə bu seminar həyata keçirilir. Ekoloji problemlərin həlli sahəsində şəhərimizin alimləri Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əməkdaşlıq edərək bir çox sahələrdə tədqiqatylar aparırlar.    Seminarda  Dubna  BNTİ-nun əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Afaq Mədətzadə birgə aparılan elmi tədqiqatlar haqqında  məlumat vermişdir.  Seminarda  müxtəlif ərazilərdən toplanan  mamır nümunələrində  ağır  metalların və radionuklidlərin  təyini  işinin mahiyyəti,  sənayenin  ətraf mühitə  təsinin  ekoloji qiymətləndirilməsi, atmosferdə olan  ağır  metalların təyin olunması  və  ekoloji  xəritənin  tərtib edilməsi  barədə  hesabat dinlənilmişdir.

     Qeyd edilmişdir ki, tədqiqat  məqsədilə  Göygöl  rayonu  və Daşkəsən-Gədəbəy ərazilərindən toplanan ümumilikdə 85 nümunə analiz üçün  hazırlanmış və  Dubna  BNT Mərkəzinə  göndərilmiş, sənayenin ətraf mühitə təsiri, atmosferdə ağır metalların miqdarı müəyyən edilmişdir.   Qərb  regionu üçün  sənaye  müəssisələrinin atmosfer havasına  göstərdiyi təsirin ekoloji qiymətləndirilməsi, eynilə Avropanın  paytaxt  şəhərlərində də həyata keçirilmişdir.

Qeyd  edilmişdir ki, tədqiqatlar  BMT-nin ətraf mühitin qorunması  proqramı   çərçivəsində  həyata  keçirilir.                                                                                             

    Akademik  Fuad  Əliyev  seminarın işinə yekun vuraraq demişdir ki,  müasir  dövrdə ekoloji tədqiqatların aparılması taleyüklü məsələdir və bu sahədə Dubna  Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə aparılan elmi işlər günümüzün ən vacib məsələlərindən biridir.                                     

  Sonda seminarın  mövzusu ətrafında geniş elmi müzakirələr aparılmış,  iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.