XƏBƏRLƏR
24.12.2019 / Mühüm hadisələr
MÖHSÜN NƏSİRİNİN “QUŞ DİLİ” ƏSƏRİ TƏKRAR NƏŞR EDİLMİŞDİR

 

     Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin əməkdaşları tərəfindən gəncəli şair və nasir Möhsün Nəsirinin “Tutinamə”lər silsiləsinə daxil olan “Quş dili” əsəri təkrar nəşr edilmişdir. Möhsün Nəsirinin “Lisan-üt-teyr” əsəri ana dilimizdə yazılmış ilk klassik bədii nəsr nümunələrindəndir. Əsər başlanğıcını hind ədəbiyyatından alır. Hindistanda “Şukasaptafi” (“Tutu quşunun nağılları”) adı ilə məşhur olan bu əsər XVI əsrdən başlayaraq yeni-yeni əsərlərin yazılmasına səbəb olmuş və onlar fars dilində yazılmışdır.

     Gəncəli şair və nasir Möhsün Nəsirinin “Tutinamə” silsiləsindən qələmə aldığı “Lisan-üt-teyr” (“Quş dili”) əsəri Azərbaycan dilində yazılmış ilk nümunələrdəndir və əsərdə şairin 130 beyt şeiri verilmişdir. Əsərdə Nizaminin, Firdovsinin, Hafizin, Sədinin və digər sənətkarların şeirlərinə də rast gəlinir. "Lisanüt-teyr"dəki hekayətlərin çoxunda qadın və onun əxlaqından bəhs edilir və hər bir insan, xüsusilə də qadın üçün daxili saflıq, əxlaqi təmizlik ən başlıca keyfiyyətlər kimi tərənnüm olunur. Hekayətlərdəki hadisələr daha çox Yaxın və Orta Şərq şəhərlərindən Bağdad və Kabulda, İsfahan, Nişapur və Təbrizdə baş verir. "Lisan-üt-teyr" əsərinin Möhsün Nəsirinin öz qələmindən çıxmış nüsxəsi günümüzə qədər gəlib çatmamışdır.

     Cavad xanın dövründə saraya yaxınlığı ilə tanınan Möhsün Əbdülhəmid Nəsirinin əldə olunan yeganə “Lisan-üt-teyr” yəni “Quş dili” əsəri Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın sifarişi ilə qələmə alınmışdır. Əsərin sifarişçisi Cavad xan 1804-cü ildə işğalçı çar qoşunlarıyla döyüşdə həlak olduğuna görə onun üçün xüsusi tərtibatla, müəllifin öz əli ilə yazılmış "Lisan-üt-teyr" nüsxəsinin də məhv edildiyi ehtimal olunur. Möhsün Nəsirinin doğulduğu yer, il və ölüm tarixi haqqında da əldə dəqiq məlumat yoxdur. "Lisan-üt-teyr"əsəri XVII yüzilliyin sonlarında qələmə alındığına görə həmin dövrdə müəllifin yetkin yaşda olduğu ehtimal edilir. Əsərin girişində Cavad xanın diliylə Nəsirinin öz dövrünün savadlı, məlumatlı şəxslərindən biri olduğu qeyd olunur. Tədqiqatçıların qeyd etdiklərinə görə Möhsün Nəsirinin əsərlərinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda beş əlyazması saxlanılır. Əlyazmalar XIX əsrin 30-40-cı illərində Azərbaycanda köçürülmüş nüsxələrdir. Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin əməkdaşları tərəfindən surəti əldə edilmiş əlyazmasının katibi Əhməd ben Mahmud Əfəndi Nemətabadidir və həmin əlyazması hicri 1259 (miladi 1843)-cu ildə köçürmüşdür.

     Kitabı nəşrə hazırlayan və ön sözün müəllifi, professor Xəlil Yusifli qeyd edir ki, bu əlyazmanın fotosurəti ona AMEA-nın müxbir üzvü Əlyar Səfərli tərəfindən hədiyyə olunmuşdur. Möhsün Nəsirinin “Quş dili” əsəri Azərbaycan ədəbiyyatının XVIII əsrdə yazılmış qiymətli sənət nümunələrindən biridir. Gəncədə yazılan və əlyazma şəklində qorunub saxlanan bu nümunələrin təkrar nəşri təqdirəlayiqdir, Möhsün Nəsiri yaradıcılığının elmi cəhətdən dərindən araşdırılıb öyrənilməsində tədqiqatçılar və mütəxəssislər üçün qiymətli mənbədir. Bu, həm də orta əsr Azərbaycan ədəbiyyatının hələ də tədqiq edilməmiş səhifələrinə işıq salar və yeni tədqiqatlara təhrik edir.