XƏBƏRLƏR
30.12.2019 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində: AMEA-nın ÜMUMİ YIĞINCAĞINDA QARŞIYA QOYULAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR

     AMEA  Gəncə  Bölməsinin Elmi Şurasında  Azərbaycan Milli Elmlər Akademiyası  Rəyasət  Heyətinin  28  dekabr 2019-cu  ildə  keçirilən  ümumi  yığıncağının  materialları   geniş müzakirə olunmuş,   qarşıya  qoyulmuş  vəzifələr ətraflı təhlil  edilərək  onların  bütünlüklə  həyata  keçirilməsi  yolları  müəyyənləşdirilmişdir .  Gəncə  Bölməsinin sədri, akademik  Fuad  Əliyev  respublikada  elmi  fəaliyyət  sahəsində  dövlət  siyasətini həyata  keçirən  Azərbaycan Milli  Elmlər  Akademiyasının  fəaliyyət  göstərdiyi  75  il ərzində  həyata  keçirilmiş  işlər  və hazırdı  dövrdə  qarşıda  duran  vəzifələr  haqqında  AMEA-nın prezidenti, akademik  Ramiz   Mehdiyevin məruzəsində irəli  sürülmüş  məsələlər  barədə  ətraflı  məlumat  vermişdir. Rəyasət Heyətinin ümumi yığıncağında   əldə  edilmiş  uğurlarla  yanaşı  akademiyanın strukturunun  tamamilə yenidən qurulması, onun inkişaf hədəfləri, prioritetləri, dövlət siyasətinin həyata keçirilməsində iştirakı mexanizmlərinin  dəqiq və aydın olaraq müəyyənləşdirilməsi  üçün  həlli  vacib  məsələləri  qeyd  edilmiş,  AMEA-nın strukturunun  tamamilə  yenidən qurulması üçün   əməli tədbirlərin  həyata keçirilməsinin vacibliyi  xüsusi  vurğulanmış, AMEA  strukturuna  daxil olan hər bir  elmi  müəssisə və təşkilatın, o cümlədən də AMEA Gəncə Bölməsinin  qarşısında konkret  vəzifələr  qoyulmuşdur.                                                                                           

     Akademik  Fuad Əliyev Şura   yığıncağında  elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi,  struktur  islahatlarının aparılması  və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması və  elmi kadrların hazırlanması  sisteminin  keyfiyyətcə yaxşılaşdırılması,   elmin, təhsilin  və iqtisasdiyyatın inteqrasiyasının dərinləşdirilməsi  ilə bağlı  irəli  sürülmüş  məsələlər  barədə ətraflı məlumat vermiş,  müvafiq  məsələlərin  uğurlu  həlli  üçün   Gəncə   Bölməsinin əhatə etdiyi elmi-tədqiqat institutlarının,  şöbə və laboratoriyaların,  Nizami Mərkəzi  və  digər  kollektivlərin  qarşısında  duran konkret  vəzifələrdən danışmışdır.

     İnnovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, Azərbaycançılıq ideologiyasınınnəsaslarının işlənib hazırlanması və həyata  keçirilməsində elmin dəstəyinin təmin edilməsi və  xarici əlaqələrin inkişafı  məsələləri  də  ətraflı müzakirə  edilmiş  və müvafiq  qərarlər  qəbul olunmuşdur.         

     Akademik  elmi tədqiqatların təşkilinin klaster forması əsasında pilot layihələrdə  alunitin və alüminium sənayesi tullantılarının alınması və istifadəsi üçün innovasiyalı texnologiyaların hazırlanması və həyata keçirilməsi sahəsində AMEA  Gəncə Bölməsi  alimlərinin  qarşısında  konkret   vəzifələrin  qoyulmasını  yüksək  etimadın  nəticəsi kimi  dəyərləndirmiş və   bu  məsul  tapşırığın uğurla  həyata  keçirilməsi ilə  əlaqədar  konkret  tapşırıqlar  vermişdir.   

     Çıxış  edənlər   AMEA  Rəyasət Heyətinin  ümumi  yığıncağında  AMEA-nın prezidenti, akademik  Ramiz  Mehdiyevin çıxışı  zamanı  verdiyi  tapşırıq və tövsiyələrin   müasir  dövrdə elmin  qarşısında  duran  vəzifələrin uğurla  həyata  keçirilməsində  əhəmiyyətini xüsusi  qeyd  etmiş,  əldə olunmuş  uğurları  davam etdirməklə  mövcud  problemlərin tezliklə aradan  qaldırılması üçün   bütün bilik və bacarıqlarını  səfərbər  edəcəkləini  bildirmişlər.  Yığıncaq  iştirakçıları  AMEA  Rəyasət  Heyətinin tərkibində  edilən  bəzi  dəyişikliklərdən sonra  Gəncə Bölməsinin sədri, akademik  Fuad Əliyevin Rəyasət  Heyətinin yeni tərkibində   təmsil olunmasını   Gəncə Bölməsinə, ümumiyyətlə Qərb  bölgəsi alimlərinə etimadın ifadəsi  kimi  dəyərləndirmişlər.  Çıxış  edənlər  iki nəfər  həmkarlarını seçkilərdə qalib gələrək   yerli  bələdiyyə  üzvlüyünə seçilməsi münasibətilə təbrik etmiş, onlara səmərəli  elmi fəaliyyətlə  yanaşı  yerli özünüidarə işində də  uğurlar arzulamışlar.