
“GƏNCƏNİN TARİX YADDAŞI”
Müəllif: Fərrux ƏHMƏDOV
tarix elmləri üzrə fəlsəfə doktoru
“Gəncənin tarix yaddaşı” kitabı Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq salan sanballı bir abidədir.
Kitabda Gəncənin uzaq keçmişindən XX əsrin ilk onilliklərinədək olan dövrün tarixi-etnoqrafik mənzərəsi öz əksini tapmışdır. Gəncənin yaşı və “Gəncə” sözünün etimologiyası, Gəncə vilayəti, Gəncə şəhərinin yerdəyişmələri, şəhər əhalisi, onun sosial və etik tərkibi və demoqrafik prosseslər haqqında söhbət açılan fəsillərdə əsasən XVI yüzilliyin sonlarından XX yüzilliyin əvvəllərinədək olan dövrdə Gəncənin tarixi-etnoqrafik təsviri verilmiş, lazım gəldikcə xronoloji ardıcıllıqdan çıxaraq bir sıra gərəkli tarixi rekurslar edilmişdir.
Gəncənin şəhərsalma quruluşu, Gəncə qalası, Şah Abbas meydanı və məhəllələrlə bağlı tarixi həqiqətləri şərh edərkən qarşıya qoyulan işin öhdəsindən gəlmək məqsədilə qeyd edilən dövrə aid tarixi-etnoqrafik qaynaqlardan, arxiv sənədlərindən, dövri mətbuatdan, elmi ədəbiyyatdan, məqalələrdən, sorğu kitablarından, dağıntılara məruz qalmış maddi, mənəvi mədəniyyət nümunələrindən istifadə olunmuşdur.
Tarixin müxtəlif dövrlərində müxtəlif təzyiq və işğallara məruz qalmış, bəzən tamamilə silinmiş şəhərsalma vahidlərini kağız üzərində bərpa etmək üçün yaşlı sakinlərlə söhbətlərin və həmin söhbətlərin yazılı mətnlərinin də müstəsna əhəmiyyəti olmuşdur.
Zəngin tarixi-etnoqrafik bilgilər çox ciddi şəkildə və elmi cəhətdən yoxlanılmışdır. Həmin tarixi faktların səlisliyini arxiv sənədləri, elmi ədəbiyyat, XX yüzilliyin 20-ci illərinə kimi olan tarixşünaslıq da təsdiq edir.
Kitab elm adamları, tarixçi-alimlər üçün qiymətli elmi mənbə olmaqla yanaşı, geniş oxucu kütləsi üçün də son dərəcə maraqlıdır.
Gəncə “ELM” nəşriyyatı – 2007.