XƏBƏRLƏR
10.08.2020 / Mühüm hadisələr
GƏNCƏ BÖLMƏSİNİN GƏNC ALİMLƏRİ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ETMİŞLƏR

     Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin dəstəyi, Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Pandemiya dövründə gənc alimlərin üzləşdiyi problemlər, onların həlli yolları və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə gənc alimlərin baxışı” mövzusunda beynəlxalq onlayn interaktiv seminar keçirilmişdir.

     AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqovun moderatorluğu ilə “Zoom” platforması üzərindən baş tutan beynəlxalq onlayn seminara AMEA-nın müxtəlif elmi müəssisələrində çalışan, habelə xarici ölkələrdə (ABŞ, Kanada, Rusiya, İngiltərə, Belçika, Fransa, Almaniya, Çin, Polşa və s.) təhsil alan və tədqiqat aparan azərbaycanlı gənc alim və mütəxəssislər, o cümlədən doktorant və dissertantlar iştirak etmişlər.

     Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, müxbir üzv  Əminağa Sadıqov  son vaxtlar Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrə münasibət bildirmışdir. O, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşmənin bu təxribatına qarşı sərt mövqe nümayiş etdirməsini, onun rəhbərliyi ilə ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsini və onu susdurmasını, eləcə də xalqımızın öz dövlətinə və onun rəhbərinə sədaqət nümayiş etdirməsini yüksək qiymətləndirmişdir.

     Akademik-katib Ə.Sadıqov vurğulamışdır ki, Akademiyanın Prezidenti akademik Ramiz Mehdiyev başda olmaqla, xalqımızın əsas ziyalı təbəqəsinin cəmləşdiyi Milli Elmlər Akademiyası və Rəyasət Heyətinin üzvləri, çoxsaylı alimləri, o cümlədən gənc mütəxəssisləri bütün bu prosesləri diqqətlə izləmiş, xalqımızın aparıcı intellektual qüvvəsi kimi ölkə başçısının yanında olduqlarını əməli fəaliyyətləri ilə nümayiş etdirmişlər.

     Sonra çıxış edən AMEA Gənc alim və mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, Elm və Təhsil idarəsinin rəisi, fəlsəfə doktoru Fail Kazımov, Xarici əlaqələr idarəsinin rəisi, dosent Esmira Əlirzayeva və digər çıxış edənlər gənc tədqiqatçıların pandemiya dövründə əldə etdikləri nailiyyətləri diqqətə çatdırmış, gənc alimlərin böyük bir qisminin könüllü surətdə səfərbərlik üçün qeydiyyatdan keçdiklərini bildirmişlər.

     Seminarda AMEA Gəncə Bölməsini Gənc alim və mütəxəssislər Şurasının sədri, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov təmsil etmişdir.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri                      Vaqif Tanrıverdiyev