XƏBƏRLƏR
16.11.2020 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsi ümumrespublika konfransında təmsil olunmuşdur

     AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 13 noyabr 2020-ci il tarixində "Qələbə günü" mövzusunda gənc alimlərin ümumrespublika onlayn seminar-konfransı keçirilmişdir. Tədbirdə ilk olaraq torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda aparılmış döyüşlərdə canlarından keçən şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.

     Tədbiri giriş nitqi ilə açıq elan edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov Azərbaycanın müzəffər və rəşadətli ordusunun Dağlıq Qarabağ müharibəsindəki parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə tədbir iştirakçılarının timsalında bütün alimlərimizi və gənc mütəxəssisləri təbrik etmişdir. O, bu qələbəni xalqımızın yenidən dirçəlişi kimi qiymətləndirməklə, onu da bildirdi ki, bu tarixi zəfər xalqımızın sarsılmaz birliyi, ordumuzun qüdrəti və Ali Baş Komandanımızın müdrikliyi sayəsində əldə olunmuşdur.

     Şura sədri qeyd etdi ki, 44 günlük Vətən müharibəsi adlandırdığımız II Qarabağ savaşında böyük qəhrəmanlıq və şücaət göstərərək canından keçmiş şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik, qazilərimizə, bütün əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk.

F.Salmanov Akademiya gəncliyinin onlarla nümayəndəsinin könüllü olaraq döyüşlərə qatıldığını, həmçinin, ayrı-ayrı alim və mütəxəssislərin fərdi və ya qrup halında həm informasiya mübarizəsində, və həm də Silahlı qüvvələrimizə, onların ailə üzvlərinə maddi dəstək göstərildiyini diqqətə çatdırmışdır.

     Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 10 noyabr 2020-ci il tarixini hamımızın xatirəsində əbədi yaşayacaq bir gün kimi səciyyələndirdi. O, milli birliyin qüdrətindən və Azərbaycan xalqının tolerantlığından söz açaraq qeyd etdi ki, "30 il bizim zəifliyimiz deyildi, bu bizim tolerantlığımızdır. Mənfur qonşularımız bizim bu addımlarımızı heç vaxt düzgün qiymətləndirə bilmədi, bizi hərbi yolla bu məsələni həll etməyə məcbur etdi. Şəhid valideynlərinin, əsgər analarının qarşısında baş əyirik".

     Ə.Sadıqov milliyyətindən, dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları və xaricdə yaşayan soydaşlarımızın bir yumruq kimi cənab Ali Baş Komandanın ətrafında birləşərək düşmənə qarşı səfərbər olmasının Böyük Qələbəmizi şərtləndirən səbəblərdən olduğunu diqqətə çatdırmışdır. 

     Bundan sonra gənclərin üzərinə iki qat məsuliyyət düşdüyünü deyən akademik-katib onların ilk növbədə yüksəkixtisaslı, müasir texnologiyalara bələd, peşəkar kadr olmaq üçün səy göstərmələrinin zəruriliyini vurğulamışdır. 

     Tədbirdə AMEA Rəyasət Heyəti Aparatı Elm və Təhsil İdarəsinin rəis müavinləri - Vüqar Haqverdiyev, dosent Hüseyn Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev, AMEA-nın Dubna Nüvə Tədqiqatları Mərkəzinə ezam olunan tədqiqatçısı, dosent Mətləb Mirzəyev, AMEA YAP ərazi təşkilatının sədri, dosent Ulduza Möhvalıyeva, Gənc Alim və Mütəxəssislər şuralarının institutlar üzrə sədrləri və ayrı-ayrı gənc alim və mütəxəssislər çıxış edərək öz fikirlərini bildirdirərək xoş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.

     Tədbirdə AMEA Gəncə Bölməsini təmsil edən elm üzrə Prezident mükafatçısı, Bölmənin Gənc alim və mütəxəssislər Şurasının sədri Elnur Həsənov çıxış etmişdir.