XƏBƏRLƏR
07.06.2021 / Konfranslar, iclaslar
ŞƏHƏRİMİZDƏ “NİZAMİ GƏNCƏVİ VƏ DAVAMLI İNKİŞAF” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB

       İyunun 4-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı,  Paşa  Holdinqin  sponsorluğu ilə İqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların III Beynəlxalq elmi konfransı  keçirilmişdir.    

     Konfransın  işində  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev,  Bölmənin əməkdaşları Elnur Həsənov  və Vaqif  Tanrıverdiyev  iştirak  etmişlər.                                                                               

        Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda olub. Konfransda dövlət rəsmiləri, millət vəkilləri, dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssisləri, ictimaiyyət və özəl sektorun nümayəndələri, alimlər iştirak ediblər.

       Konfransın açılışında iştirakçıları salamlayan UNEC rektoru professor Ədalət Muradov, bu ilki konfransın çoğrafiyasının daha da genişləndiyini, elmi məqalələrin sayının və nüfuzunun daha da artdığını deyib.                      

      Konfransın Nizami Gəncəvinin 880 illiyinə həsr olunduğunu diqqətə çatdıran professor Ədalət Muradov, cəmiyyətdə baş verən hadisələrə ümumbəşəri mövqedən yanaşmanın Nizami yaradıcılığında xüsusi yer tutduğunu qeyd edib. Nizami irsinin iqtisadçılar tərəfindən tədqiqinin iqtisad elminin ən müasir cərəyanlarından olan davranış iqtisadiyyatı və institusional iqtisadiyyat, eləcə də dövlətin iqtisadi proseslərdə iştirakı istiqamətində yeni konseptual ideyaların ortaya çıxarılması üçün əhəmiyyətli nəticələr verə biləcəyini bildirib.  

     Rektor sonda 2 təkliflə çıxış edib. Ağdamda yaradılacaq Qarabağ Universitetinin IV sənaye inqilabı tələblərini nəzərə alaraq, Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək, insan kapitalı formalaşdıracaq universitet olmasını, magistr və doktorantların növbəti IV beynəlxalq konfransının Ağdamda “Smart universitet”, rəqəmsal təhsil mövzularında keçirilməsini təklif edib.                      

      Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirin Gəncə şəhərində keçirilməsinin xüsisu əhəmiyyət kəsb etdiyini bildirib.                               

   Tədbirə onlayn formatda qoşulan  İqtisadiyyat naziri Mikayıl Cabbarov konfrans iştirakçılarını salamlayaraq, innovativ iqtisadiyyatın təhsil sistemi ilə bağlılığına diqqət çəkərək, UNEC-də keçirilən elmi konfransların bu istiqamətdə təqdirəlayiq olduğunu deyib. Nazir dövrün qlobal çağırışlarından, sosial-iqtisadi inkişaf və inkişafın dayanıqlığını təmin edən amillərdən söz açaraq IV sənaye inqilabının ölkə iqtisadiyyatı qarşısında yeni yanaşmalar ortaya qoyduğunu, Azərbaycanın hərb meydanında qazandığı qələbənin təməlində güclü iqtisadiyyatın dayandığını deyib.    

    Təhsil naziri Emin Əmrullayev konfransda elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb,  qeyd edib ki, tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur.                                             

       Nazir son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqalələrin sayında dəyişiklik nəzərə çarpdığını da deyib.         

   Paşa Holdinq Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Cəlal Qasımov ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirləri, təcrübə proqramlarını, əmək fəaliyyətinə cəlb olunmalarını xüsusi vurğulayıb. PAŞA holdinqin bundan sonra da təhsilə  aid  layihələrini dəstəkləməyə davam edəcəyini deyib.     Çıxışlardan sonra Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzələri dinlənilib.                                                               

    Konfrans öz işini bölmə iclaslarında davam etdirib. İyunun 7-dək davam edən konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın iştirakçının 66 bölmədə 444 və 16 “Workshop”da 65 məruzələri dinlənilib,  ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə edilib.