
“VƏTƏN MÜHARİBƏSİ GƏNCƏ ŞƏHİDLƏRİ”
Qədim Gəncə şəhəri uzun əsrlər boyu tarixi reformaların çuğlaşdığı bir məkan olmaqla yanaşı, onun sakinləri daim dövlətə, dövlətçiliyə və vətənə bağlı insanlar olmuşlar. Əsasən şəhərin sakinləri Usta Bəndər, görkəmli sərkərdə Cavad xan, 1920-ci il Gəncə üsyanı iştirakçlıları əsrlər boyu torpaq və vətən uğrunda yadelli işğalçılara qarşı mübarizə aparmışlar.
Birinci Vətən Müharibəsi zamanı Erməni qəsbkarlarına qarşı aparılan döyüşlərdə Gəncənin qəhrəman övladları qədim tarixi qəhrəmanlıq səlnaməsini daha da zənginləşdirdi. O döyüşlərdə mərdliklə vuruşan 364 əsgər canı bahasına torpaqlarımızı qoruyaraq şəhid olmuşdur.
8 Noyabr 2020-ci il böyük qələbə günü kimi tariximizə qovuşdu. Vətən müharibəsində Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi uzaqgörən siyasəti və ordumuzun maddi-texniki bazasının gücləndirilməsi nəticəsində 44 günlük İkinci Vətən Müharibəsində erməni ordusu darmadağın edildi, torpaqlarımız düşmən tapdağından azad olundu. Bu ölüm-dirim mübarizəsində Gəncəmizin minlərlə igid övladları vuruşmuş, onlardan 107 nəfər əsgərimiz şəhid olmuş, şəhərimizə raket hücumu nəticəsində 26 nəfər mülki şəxs - uşaq, qoca, qadın həlak olmuşdur.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA Gəncə Bölməsində hazırlanmış “Vətən müharibəsi Gəncə şəhidləri” kitabı nəşr edilmişdir. Kitabda Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə şəhid olmuş şəxslər haqqında verdiyi qərar və Sərəncamlar, Vətən müharibəsi şəhidinin və raket hücumu zamanı həlak olan mülki şəxslərin – uşaq, qoca və qadınların tərcümeyi-halı öz əksini tapmışdır.
Müharibənin getdiyi müddətdə və ondan sonra dünyanın 30-dan artıq ölkəsinin aparıcı informasiya vasitələrinin müxbirlərinə Ölkə başçısının verdiyi cavablardan parçalar da kitabda yer almışdır. Müsahibələrə diqqətlə nəzər salanda jurnalistlərin suallarındakı qərəzli münasibət diqqəti cəlb edir. Ali Baş Komandan bütün bu təxribatçı suallara məharətlə cavab verdi, bədxah “yazarlar” gözləmədikləri sərrast, sətiştəli siyasətçi cavabları qarşısında məəttəl qaldılar və gözləmədikləri ustad dərsi aldılar.
Siyasi meydanda və siyasi-diplomatik müstəvidə böyük məharətlə inteqrasiya beynəlxalq aləmdə öz nəticəsini verdi. Bir çox dünya dövlətləri Azərbaycanı bu ədalətli savaşında dəstəklədilər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə Gəncə haqqında söylənən fikirlər bir daha təsdiqləyir.
Ali Baş Komandan uzaqgörən siyasəti və müdrikliyi nəticəsində 30 illik münaqişə 44 günə həll edildi və bu müharibə dünyanın hərb tarixinə misilsiz savaş kimi həkk olundu. Vətən müharibəsi Azərbaycan ordusunun gücünü, xalqımızın qüdrətini və milli birliyini bəşəriyyətə sübut etdi və qəhrəmanlıq mübarizəmiz tarix boyu qürur mənbəyimiz olacaqdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanan “Vətən müharibəsi Gəncə şəhidləri” kitabı qəhrəman şəhidlərimizin və raket hücumu nəticəsində həlak olan mülki vətəndaşların - uşaq, qoca və qadınların ölməz xatirəsinə etiramın ifadəsidir.
Nəşr olunan yeni kitab şəhidlərimizin və günahsız yerə həlak olmuş mülki şəxslərin xatirəsinə dərin etiramın ifadəsi olmaqla yanaşı, həm də Vətən müharibəsi, onun qəhrəmanları və qələbəyə öz töhfəsini vermiş mülki insanlar haqqında gələcək elmi tədqiqatlar üçün qiymətli mənbədir.