
AMEA GƏNCƏ BÖLMƏSİ NİZAMİ GƏNCƏVİ MƏRKƏZİNİN HESABATI
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi Mərkəzinin 2021-ci il ərzində “Nizami irsinin öyrənilməsi” mövzusu üzrə apardığı elmi tədqiqat işlərinə dair hesabat dinlənilmişdir.
Nizami Gəncəvi Mərkəzi “Nizami irsində sənətşünaslıq” şöbəsinin müdiri Təranə Vediyeva hesabatla çıxış etmişdir.
Hesabatda qeyd edilmişdir ki, Nizami Gəncəvi Mərkəzi 2021-ci il ərzində yeddi şöbədə elmi-tədqiqat işləri davam etdirmişdir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı mövzu, ideya və tarixilik baxımından öyrənilmişdir.
Mərkəzin əməkdaşları 7 beynəlxalq, 15-dən çox Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar keçirilən Respublika Elmi-Praktik Konfranslarda iştirak etmişlər.
Hesabatda qeyd edilmişdir ki, 2021-ci il ərzində mərkəzin əməkdaşları tərəfindən 4 kitab - “Nizami Gəncəvi lirikası və...”, “Mirzə Mehdi Naci. Seçilmiş əsərləri”, “Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda”, “Nizami Gəncəvi poemaları incəsənətlərin qarşılıqlı əlaqəsi kontekstində” nəşr edilmişdir.
Hesabat məruzəsi ətrafında müzakirələrdə professor Həsənbala Sadıqov, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və başqaları çıxış edərək Nizami irsinin öyrənilməsi problemləri üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirmişlər.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Nizami Mərkəzi əməkdaşlarının əldə etdikləri uğurları Nizami Gəncəvinin 880 illik yubileyinə sanballı töhfə kimi dəyərləndirmiş, Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği, əsərlərinin nəşri işlərində daha böyük uğurlar arzulamışdır.