XƏBƏRLƏR
07.02.2022 / Mühüm hadisələr
Bu gün bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə 18-ci dəfə səfər etməsi Azərbaycanın hərtərəfli inkişafı konsepsiyasının tərkib hissəsidir. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir və bütün bölgələr, hər bir layihə şəxsən dövlət başçısının diqqət mərkəzindədir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev deyib.

“1980-ci illərdən Gəncə şəhərində fəaliyyət göstərirəm. Bu illər ərzində, xüsusilə 2000-ci ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi dövründə Gəncənin sürətli inkişafı hər birimizin gözü qarşısında olub. Şəhərdə çox böyük infrastruktur layihələr həyata keçirilib. Xüsusilə, Prezident Gəncənin qədim adət-ənənələri üzərində inkişafını, öz tarixi memarlıq üslubunu və abidələrinin qorunmasını daim diqqətdə saxlayır. Hər dəfə ölkə başçısı bizimlə görüşəndə tapşırığı ondan ibarət olur ki, Gəncə öz sürətli inkişafını qədim mədəniyyətini və milli adət-ənənələrini qoruyaraq etməlidir. Sonuncu dəfə ölkə başçısı şəhərimizə gələndə açılışında iştirak etdiyi layihələrdən biri də nəhəng Gəncə Dram Teatrının binası oldu. Dram Teatr respublikada ilk teatrlardan biri kimi ölkənin və xüsusilə Gəncənin mədəniyyətinin inkişafına böyük töhfələr verib. Bu binanın açılışı da şəhər mədəniyyətinin inkişafına böyük imkanlar yaradacaq”, - deyə akademik bildirib.

İşğaldan azad olunmuş ərazilərdə aparılan sürətli quruculuq işləri həm Gəncə ziyalısı həm də alim kimi bizi çox sevindirir. Lakin, həm işğaldan azad olunmuş ərazilərdə, həm də regionlarda yenidənqurma və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən layihələrin dayanmadan həyata keçirilməsi Azərbaycanın nə qədər qüdrətli və güclü dövlət olduğunu bütün dünyaya göstərir.

Fuad Əliyev Vətən müharibəsində xalqımızın və Ali Baş Komandanın qələbəsinin azərbaycanlıların gücünü bütün dünyaya göstərdiyi kimi, Prezident İlham Əliyevin bütün bölgələrin inkişafı üçün kompleks tədbirlər həyata keçirməsini və bu məsələləri şəxsən diqqətdə saxlamasını Azərbaycan dövlətinin gücünü dünyaya göstərdiyini deyib: “Biz şəhər ictimaiyyəti və ziyalıları olaraq Prezidentə bütün aparılan sosial islahatlar, şəhərimizdə əhalinin qaz, su və elektrik təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələr üçün təşəkkür edirik. Gəncə Memorial Kompleksinin təməlinin qoyulması Azərbaycan xalqının öz tarixi yaddaşını hər zaman təzələməsi və erməni faşizminin bütün dünyaya tanıdılmasının birbaşa Prezident İlham Əliyevin diqqətində olduğunu bütün dünyaya göstərdi”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmuşdur.