
Belarusun faşist cəlladları tərəfindən yandırılıb külə döndərilmiş, sakinləri məhv edilmiş Xatın “kəndində” olmusunuzmu, insanlığa, yaşama qarşı vəhşiliyin faciəsini əks etdirən abidə-maket “kəndi” ziyarət etmisinizmi?
Belaruslar insanları ilə birlikdə yandırılıb külə döndərilmiş Xatın kəndini abidə-maket kimi qoruyub saxlayır, dünyanın müxtəlif yerlərindən gələn qonaqları bu “kəndə” dəvət edir, təkcə belarus xalqına deyil, insanlığa yönəlmiş vəhşilik, barbarlıq nümunəsi kimi dünyaya göstərirlər.
İli yadımda deyil, ziyarət etdiyim o kənd, yandırılıb külə döndərilmiş evlər, məhv edilmiş insanların uyuduğu məzarlıq Xocalı qətliamını xatırladır. Oxşar mənzərədir. Xatın kimi Xocalının da daşı-daş üstə qalmayıb. Xatın bir döyüşün, müəyyən zaman daxilində baş vermiş müharibənin bir epizodunun acı yaddaşıdır, bizim faciəmizin kökü isə yüz illərə söykənir. Biz erməni hiyləsinə inanıb unutmuşuq, amma tarix yaşadır.
1905-1906-cı illərdə təxminən 300-ə yaxın kənd, qəsəbə dağıdılıb, 10 minə qədər insan həlak olub. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayət və soyqırımdan dərs aldıqmı...
Həmin illərdə Qarabağda törədilmiş milli qırğınlar zamanı Şuşada 12, Cavanşir bölgəsində 15, Cəbrayılda 5, Zəngəzurda 43, cəmi 75 müsəlman kəndi yandırılıb, dağıdılmışdır.
Təkcə Xocalıda 613 nəfər qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Səkkiz ailə tamamilə məhv edilmiş, 150 nəfər itkin düşmüş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmişdir.
149 sakinin hamısı ümumi kollektiv cəza prinsipinə uyğun olaraq diri-diri yandırılmış və ya güllələnmiş Xatın qətliamını dünya tanıdı, faşizmi qınadı.
Bəs, Xocalı... İnsanlığa, yaşama qarşı misli görülməmiş faciənin fərqi varmı, amma dünya ikili standart nümayiş etdirdi. Bu gün də Xocalı faciəsi əsas dünya ölkələri tərəfindən əsl tarixi, siyasi qiymətini almayıb.
Amma Xatın faciəsini dünya tanıyıb və qınayıb. Belaruslar öz faciələrini dünyaya göstərmək üçün ibrətamiz üsulla hərəkət edərək nümunə göstəriblər. O kənddə olmusunuzmu, yanıb-külə dönmüş, sakinləri məhv edilmiş kəndin küçələri ilə yerimisinizmi. Mən olmuşam. Ağırdır, çox ağırdır. O abidə, kənddə səslənən aramsız zənglər Buhenvald harayı kimi dünyaya səslənir, müharibəyə, od-alova etiraz əlaməti kimi insanları sülhə çağırır.
Milliyyətindən, dinindən asılı olmayaraq “kəndin qonaqlarını” qətl edilmiş körpəsini qucağında “əzizləyən” insan abidəsi qarşılayır. Abidə-kəndin “küçələri” ilə gəzdikcə narahat insan ürəyinin döyüntülərini xatırladan aramsız saat səslərinin yaratdığı vahiməni sözlə ifadə etmək mümkün deyil...
Qonaqlar üçün foto-albomlar, bukletlər hazırlanıb. Alıb baxırsan, gözəllik, dünyanı bürüyən yaşıllıq bizim Qarabağımızı, Xocalımızı xatırladır.
...Gözəgəlməz yaşıllığı, sözəgəlməz yaraşığı var. Torpağının bərəkəti başdan aşıb. Adamları əllərinin istisinə qızınıblar, əllərinin qabarından ulduz kimi işıq saçıb ömürləri...Qarabağımızı xatırlatmırmı...
Yaşıllığa sığınıb, yaxşılığa qovuşub beləcə ömür sürüb bu kənd, beləcə səadətlə qoşa yaşayırmış bu Belorus kəndinin adamları. Hələ günləri var imiş...
Müharibə alov seli...yanmış bir kənd. Düşmən odu “sığal” çəkib aydınlığa: canlısı da, cansızı da tüstü kimi göylərdədir, bulud olub, yağa bilmir, yurd axtarır, yuva gəzir...
İndi Belarusun xəritəsində Xatın kəndini tapa bilməzsən. Bu kənd 1943-cü ilin baharında faşistlər tərəfindən məhv edilib. Xocalı harayı da Xatın zəngləri kimi faşizmin vəhşiliyinin əks-sədasıdır. Hər ikisi insanlığa yönəlmiş dəhşətli faciədir. Bircə fərq var: Xatın müharibənin qurbanı olub, Xocalı faciəsi isə müharibə əməliyyatlarının getmədiyi bir ərazidə törədilib.
Belaruslar Xatını faşist vəhşiliyinə görk kimi dünyaya göstərmək üçün qoruyub saxlayır, abidə kimi yaşadır.
Biz viranə kəndlərin, dağılmış evlərin, günahsız insanların qisasını aldıq, ölkə başçısının dediyi kimi, dəmir yumruqla erməni faşizminin başını əzdik. İndi xilas olmuş kəndlər, qəsəbələr abadlaşır, yenidən qurulur. Qarabağ gülüstana çevrilir. Bu quruculuq, abadlaşdırma işlərinin tezliklə Xocalıda da aparılacağına inanırıq, ölkə başçısının qətiyyəti, xalqımızın qələbə əzmi o günü də yaşadacaq... Amma Qarabağımıza vurulan yaranı, insanlara çəkilən dağı da unutmaq olmaz. Yaxşı olar ki, dağılıb yerlə-yeksən edilən kəndlərdən birini olduğu kimi saxlayaq, abidələşdirək, ölkəmizə gələn qonaqlara göstərək.
Ölkənin qəzet və jurnallarında, radio və televiziya kanallarında, saytlarda, ayrı-ayrı insanların söhbətlərində bu fikir səslənir: Dağılmış kəndlərin birini abidə kimi qoruyub saxlayaq, dünyaya göstərək. Haqlıdırlar. İnsanlıq adına görülməmiş bu faciəni dünyaya göstərmək çox vacibdir. Təkcə dünyayamı...Özümüz də baxıb dərs almalıyıq, başımıza nə gəlibsə unutqanlığımızdan gəlib. Biz susmuşuq, yaxşı ki tarix yaşadır.
Qarabağdan köçən bir erməni deyir ki, biz müharibəni deyil, minilliklər boyu apardığımız bir döyüşü uduzduq. Deməli, onlara görə hələ bitməyib bu qovğa yaşayır, deməli hələ erməni faşizminin başı tam əzilməyib. O abidəni pis qonşu ilə yaşadığını unutmamaq, faciəni dünyaya göstərib inandırmaq üçün yaratmalıyıq. Gəlsinlər, baxsınlar, mənim illər əvvəl Xatında, insanları ilə birlikdə yandırılıb külə döndərilmiş abidə-kənddə gördüklərimi xatırladığım kimi həmişə xatırlasınlar...