XƏBƏRLƏR
26.04.2022 / Mühüm hadisələr
AMEA GƏNCƏ BÖLMƏSİNİN İÇTİMAİ VƏ HUMANİTAR ELMLƏR JURNALI NƏŞR EDİLİB

   AMEA Gəncə Bölməsinin «Xəbərlər məcmuəsi» jurnalı 4 elmi istiqamət üzrə çap olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxil olan Xəbərlər məcmuəsinin «İctimai və humanitar elmlər» buraxılışı bu günlərdə dərc edilmişdir.

   Elmi nəşrin redaktoru professor, əməkdar müəllim, Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor  Həsənbala Sadıqov, Elmi təşkilati şöbənin baş mütəxəssisi Elnur Həsənovdur.

   Jurnalın  səhifələrində içtimai və humanitar  elmlərin ən müxtəlif sahələrini əhatə edən, nəzəri bilik və praktik  əhəmiyyətə malik  sanballı məqalələr  nəşr olunub. Jurnalda eyni zamanda  gənc tədqiqatçıların elmi araşdırmalarına da yer ayrılıb.

    Xəbərlər məcmuəsinin «İctimai və humanitar elmlər» buraxılışında Tarix, antropologiya, etnoqrafiya və arxeologiya, fəlsəfə və sosiologiya, filologiya elmləri üzrə müxtəlif elmi institutları, universitetləri təmsil edən 18 nəfər tədqiqatçının elmi məqaləsi işıq üzü görüb.

   Elmi jurnalın redaksiya heyətində ölkəmizin nüfuzlu alimləri ilə yanaşı, xarici ölkələri, o cümlədən Türkiyəni təmsil edən görkəmli elm xadimləri də vardır. Qeyd edək ki, jurnalın bu sayında elmi əsərlər Azərbaycan, ingilis və rus dillərində  nəşr edilib. 

   Jurnalda  dərc olunan məqalələr  əsasən  içtimai və humanitar sahədə aparılan elmi-tədqiqat işlərinin nəticələrinin elmi içtimaiyyətə çatdırılması, inkişaf qanunauyğunluqlarının  öyrənilməsi,  elmin populyarlaşdırılması  və sair  elmi-tədqiqat  sahələrini əhatə  edir. 

   Jurnalın nəşr qaydaları  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının  elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur.