XƏBƏRLƏR
13.05.2022 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində “Aqrosənaye tullantılarının tədqiqi və təkrar emalı” mövzusunda respublika elmi konfransı keçirilib

   Konfransda müvafiq sahələrdə əmələ gələn  tullantılardan xammal kimi istifadə etməyin mümkünlüyü məsələləri müzakirə edilib.

   Konfransdakı giriş sözündə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev sənaye, o cümlədən aqrar istehsalat prosesləri nəticəsində yaranan tullantılar məsələsinin həllinin vacib planetar problemlərdən olduğunu xatırladaraq, ölkəmizdə də bu yöndə aparılan tədqiqatların və onların genişmiqyaslı tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb. O, bölgəmizdə də Aqrosənaye tullantılarının kompleks emalı, onlardan faydalı komponentlərin alınması, o cümlədən şərab və şirə zavodları tullantılarının təkrar emalı və digər  istiqamətlər üzrə istifadəsinin mümkünlüyünü vurğulayıb.

   Konfransda “Aqrosənaye tullantılarının təkrar emalı məsələləri haqda” AMEA Gəncə Bölməsi Bioresurslar İnstitutunun laboratoriya rəhbəri İmran Qasımovun,  “Ardıc bitkisindən bioloji aktiv komponentlərin alınması” mövzusunda həmin institutun əməkdaşları Aişə Həsənova, Aynurə Rəhimova və Aygün Məmmədovanın, “Şərab və şirə zavodları tullantılarının kompleks emalı məsələləri” haqda  institutun  əməkdaşlarından Sədaqət Adıgözəlova, İlhamə Əliyeva, Zərifə Yusubova və Günel Tomuyevanın, “Aqrosənaye tullantılarından yağların alınmasının bəzi aspektləri” barədə həmin institutun əməkdaşı Natavan Bədəlovanın, “Şirə və süd sənayesinin ikinci dərəcəli emal məhsullarından ekoloji təmiz zülal və pektin preparatları alınmasının yeni imkanları” haqqında Azərbaycan Dövlət İqtisad Universitetindən Nüsrət Qurbanovun, “Buğda bitkisində mineral elementlərin mənimsənilməsinə müxtəlif üzvi tullantıların təsiri” haqda Azərbaycan Texnologiya Universitetindən Mərdan Tağıyevin və Azərbaycan Dövlət Aqrar Universitetindən Samirə Rəhimovanın, “Bentonit gillərinin aqrar sahədə məhsulun artmasına təsiri” barədə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutundan  Hüseyn Mehdiyev və Bilqeyis Məmmədovanın, “Həmişəyaşıl adi birgöz (Ligustrum vulgare L) meyvəsindən təbii boyanın alınması texnologiyası” mövzusunda AMEA Gəncə Bölməsi Bioresurslar İnstitutundan Lətifə Atakişiyeva, Vüsalə Abbasova və Elnarə İsayevanın, “Şəkər çuğundurundan az tullantılı və tullantısız texnologiyalar əsasında bioetanolun alınması” haqda həmin institutun əməkdaşı İlahə Hacıyevanın məruzələri dinlənilib. Çıxışlar ətrafında geniş müzakirələr aparılıb.

   Konfransın sonunda akademik Fuad Əliyev, təqdim edilən məruzələr və təkliflər ilə bağlı tapşırıq və tövsiyələrini verib.