XƏBƏRLƏR
17.05.2022 / Konfranslar, iclaslar
Akademik Əli Quliyevin anadan olmasının 110 illiyi ilə bağlı AMEA Gəncə Bölməsində elmi-praktik konfrans keçirilib

   Xalqımızın yetirməsi olan alimlərimiz daim Azərbaycan zəkasının qüdrətini dünyaya tanıtmışlar. Onlar öz fundamental fəaliyyətləri ilə elmimizin qızıl fondunu formalaşdırmışlar. Bu alimlər Azərbaycan elminin qabaqcıl ənənələrinin və yenilikçi enerjisinin yaşadılması üçün öz məktəblərini də yaratmışlar. Belə alimlərimizdən biri də neft kimyası sahəsinin görkəmli simalarından olan akademik Əli Quliyevdir.

   Əli Quliyev Böyük Vətən Müharibəsi illərində müəllimi, böyük alimimiz  Yusif Məmmədəliyevlə birlikdə,  faşizm üzərində qələbə naminə hərbi sənaye üçün vacib tədqiqatlar və onların praktik tətbiqi sahəsində çalışıb, bu işlərə  görə, iki dəfə SSRİ-nin ən yüksək səviyyəli nailiyyətlərə verilən Stalin mükafatına layiq görülüb.

   Alim həmçinin motor yağlarının keyfiyyətini yüksəldən aşqarların alınlası üzrə qiymətli tədqiqatları ilə Azərbaycan neft-kimya  elmini dünya miqyasında qabaqcıl mövqeyə çıxarıb. Akademik Əli Quliyevin rəhbərliyi ilə keçmiş Sovetlər İttifaqında yeganə profilli, Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutu yaradılıb. O, 1965-1987-ci illərdə Aşqarlar Kimyası İnstitutunun direktoru olub.

   1970-ci ildə akademik Əli Quliyev və onun rəhbərlik etdiyi institutun əməkdaşları Bakı neftindən alınan motor yağlarının keyfiyyətini yüksəltmək üçün səmərəli aşqarların texnologiyasının hazırlanması və sənayedə tətbiqi işinə və onlar əsasında kompozisiya yaratdıqlarına görə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı adına layiq görülüb. 1974-ci ildə alimə Azərbaycan SSR əməkdar elm xadimi adı verilib. O, respublikamızın elm və tədris müəssisələrində çalışan beş nəfər akademik, 16 nəfər elmlər doktoru, 60 nəfərdən  artıq elmlər namizədi yetişdirib.

   Bu il mayın 31-də bu görkəmli alimin anadan olmasından 110 il keçir.

   AMEA Gəncə Bölməsində  Əməkdar elm xadimi, akademik Əli Musa oğlu Quliyevin 110 illik yubileyinə həsr olunmuş “Müasir neft kimyasının aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

   Açılış nitqində AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli alimin həyat və yaradıcılığı haqqında danışıb, onun Azərbaycanın, keçmiş SSRİ-nin, eləcə də dünya elminin neft kimyası tədqiqatları sahəsinə  əvəzolunmaz töhfələr  verdiyini qeyd edib, həmçinin bu böyük ziyalının yüksək insani keyfiyyətlərindən söhbət açıb. O, həmçinin AMEA Gəncə Elm Mərkəzinin yaradılmasında Əli Quliyevin böyük xidmətləri olduğunu, 41 il bundan qabaq, məhz bu görkəmli alimimizin təşəbbüsü ilə onun rəhbərlik etdiyi Aşqarlar Kimyası İnstitutunun nəzdində Elmi Mərkəzin təşkil edildiyini xatırladıb.

   Alimin yetişdirmələrindən - AMEA-nın Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Aşqarlar və sürtkü kompozisiyası laboratoriyasının müdiri, texnika elmləri doktoru, professor Həqiqət Cavadova və həmin institutun Alkilfenol əsasında çoxfunksiyalı aşqarlar laboratoriyasının müdiri, texnika elmləri doktoru Elmira Nağıyeva da elmimizin bu görkəmli nümayəndəsinin Azərbaycanın ziyalısının ən yüksək xüsusiyyətlərinin daşıyıcısı olduğunu dilə gətiriblər, həmçinin onun yorulmaz tədqiqatçılıq və təşkiatçılıq xüsusiyyətlərini vurğulayıblar.

   Qonaqlar həmçinin Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda çapdan çıxmış “Motor yağları və onlara aşqarlar” kitabını da AMEA Gəncə Bölməsinə hədiyyə ediblər.   

   Elmi-praktik konfransda Azərbaycan Texnologiya Universitetindən Əli  Muradovun “Naftalan neftinin tərkibindəki toksiki xassəli maddələrdən təmizlənmə prosesinin tədqiqi”, AMEA Gəncə Bölməsi Ekologiya və Təbii Ehtiyatlar İnstitutunundan İlahə Cəfərovanın “Müxtəlif növ sürtkü yağlarının biozədələnmə xassələrinin tədqiqi”,  AMEA Gəncə Bölməsi Ekologiya və Təbii Ehtiyatlar İnstitutundan Mahirə Şərifovanın “Qərb regionu gillərinin polimer kompozisiya alınmasında istifadəsinin tədqiqi”, AMEA Gəncə Bölməsi Bioresurslar İnstitutundan İmran Qasımovun “Funksional polimerlər və birgə polimerlər”, AMEA Gəncə Bölməsi Bioresurslar İnstitutundan Aişə Həsənovanın “Təbii seolitlərin iştirakı ilə ağır neft qalıqlarının hidrokrekinqi prosesinin tədqiqi”, AMEA Gəncə Bölməsi Ekologiya və Təbii Ehtiyatlar İnstitutundan Nizami Nağıyevin “Seolitin adsorbsiya xüsusiyyətlərinin araşdırılması”, AMEA Gəncə Bölməsi Ekologiya və Təbii Ehtiyatlar İnstitutundan Gülnarə Əsgərovanın “Naftalan nefti və tullantılarının kanserogen birləşmələrdən təmizlənməsi”, Gəncə Dövlət Universitetindən Xəyalə Kəsəmənlinin “Təbii neft turşularının imidazolinlərinin dizel yanacağının antistatik xassəsinə təsirinin tədqiqi” mövzularında məruzələri dinlənilib. Bununla yanaşı, Gəncə Dövlət Universitetindən Sahil İbrahimlinin “Neftin emala hazırlanmasında sənaye reagentlərinin oksietilləşmiş təbii naften turşuları ilə sinergizmi”, Yunis Hacıyevin “Sürtkü materiallarına, yanacaqlara və xüsusi mayelərə əlavə olunan aşqarların alınması və tətbiqinin ekoloji aspektləri” və Samirə Mehdiyevanın “Neft yağlarının özlülük-temperatur xassələri və onları yaxşılaşdırmaq yolları”, AMEA akademik Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutundan Leyla Vahidzadənin “Yeni ketosulfidlərin sintezi”, Səbiyyə Osmanovanın “1,1-bis-(тridesiloksilкarbonilmetiltio)-1- feniletanın sürtgü yağlarına çoxfunksiyalı aşqar kimi tədqiqi” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən İradə Xələfovanın “Ağır neft qalıqlarının emal dərinliyinin fiziki-kimyəvi üsullarla artrılması prosesinin tədqiqi” mövzularında təqdim edilmiş məruzələri də konfransın materialları siyahısına daxil edilib.

   Konfransın  sonunda akademik Fuad Əliyev görkəmli alimin 110 illik yubileyinin keçirilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətinə, AMEA rəhbərliyinə öz minnətdarlığını bildirərək konfransdakı çıxışların neft kimyası sahəsinə töhfələr verəcəyini bildirmişdir.