XƏBƏRLƏR
23.05.2022 / Yubileylər
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə 75 illik yubileyi münasibətilə Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev təbrik məktubu ünvanlayıb

   AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alim, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının “Dövlət mükafatı” laureatı, AMEA-nın vitse-prezidenti,  akademik İbrahim Quliyevi 75 illik yubileyi münasibətilə təbrik edib.  

   Təbrik məktubunun tam mətnini təqdim edirik:

   Çox hörmətli İbrahim müəllim!

   Gəncə Bölməsinin əməkdaşları adından Sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, respublikamızda geologiya-mineralogiya elminin inkişafında göstərdiyiniz əvəzsiz xidmətlər, həyata keçirdiyiniz qiymətli işlərinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

   Hörmətli İbrahim müəllim!

   Siz Azərbaycan geologiya-mineralogiya elmini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil etmiş, nüfuzlu beynəlxalq qurumların üzvü kimi beynəlxalq miqyaslı əlaqələrin yaranmasında və inkişafında böyük xidmətlər göstərmisiniz.

   Siz xalqımızın dəyərli övladı olaraq yeni bir məktəb yaratmış, nəcib insani keyfiyyətlərə malik ziyalı kimi Azərbaycan elminin inkişafına daim diqqət və qayğı göstərmisiniz.

   İlk dəfə olaraq palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmisiniz. Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti də məhz Sizə və  həmkarlarınıza məxsusdur.

   Fəaliyyətiniz hər zaman dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmiş, səmərəli elmi-pedoqoji sahədə fəaliyyətinizə görə “Əməkdar elm xadimi” fəxri adına, Azərbaycan Respublikasının “Dövlət mükafatı”na layiq görülmüsünüz.

   Əziz qardaşım!

   Biz Sizinlə komsomol illərindən birlikdə fəaliyyət göstərmiş, adi bir elmi işçidən bu yüksək, ali elmi ada layiq görülmüşük və bu uzun illər ərzində bir-birimizin elmi uğurlarına sevinmişik.

   Bir daha Sizi yubileyiniz münasibətilə təbrik edir, Gəncəmizin ziyalıları adından Sizə uzun ömür, can sağlığı və bu çətin və şərəfli işinizdə yeni nailiyyətlər diləyirik!

 

Hörmətlə, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev