XƏBƏRLƏR
20.06.2022 / Mühüm hadisələr
AMEA Gəncə Bölməsinin Elmi Şurasının növbəti iclası olub

 

   AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin rəhbərliyi altında Bölmənin Elmi Şurasının iclası keçirilib.

   Elmi Şuranın bu toplantısında, bir neçə gün öncə 2022-ci il iyunun 16-da AMEA Azad Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun iştirakı ilə keçirilmiş, Bölmənin Həmkarlar Təşkilatının hesabat yığıncağının nəticələri, həmçinin orada səsləndirilmiş təkliflərın qərarlaşdırılması məsələləri müzakirə edilib.

   Belə ki, həmin təkliflər sırasında:

-Gənc alimlərin elmi-tədqiqat işlərinin nəticələrinə dair ildə iki dəfə müsabiqə keçirilməsi məsələsi üzrə müsabiqənin şərtlərinin müəyyən edilməsi və bu yöndə müvafiq komissiyanın yaradılması qərarlaşdırılıb.

-Əməkdaşların məzuniyyət qrafiklərinin tənzimlənməsi məsələsi üzrə bildirilib ki, işçilərin istəyinə və ilin müxtəlif vaxtlarında onlar üçün əlverişlilik şərtlərinə uyğun olaraq, məzuniyyətin hissə-hissə götürülə bilməsi mümkün olacaq.

-Əməkdaşların sağlamlıq məsələlərinin həlli üçün şəraitin təmin edilməsi məqsədilə Bölmənin binası daxilində, otaqların birində tibb məntəqəsinin yaradılması qərara alınıb.

-Bölmədə  idman qurğularının, trenajorların quraşdırılması məsələsi də həll olunacaq.

-Əməkdaşlar sağlamlıq müəssisələrinə, kurort və sanatoriyalara yol vərəqələri ilə təmin ediləcəklər.

   Elmi Şurada həmçinin Gəncənin orta əsrlərdə məşhur memar Şeyx Bəhaəddin Amili  tərəfindən salınmış, tarixi əhəmiyyət kəsb edən yeraltı yollarının qorunması məsələsi də müzakirə edilib. Qeyd edilib ki, Gəncədə son dörvlərdə aparılan irimiqyaslı tikinti, yenidənqurma və abadlaşdırma işləri ilə bağlı olaraq, şəhərin tarixi keçmişindən qalmış yeraltı yollarının qorunması və onların sxem və xəritələrinin əsaslı şəkildə dəqiqləşdirilməsi məsələsi aktuallaşıb.

   Bu işlərin operativ həlli üçün Bölmənin mütəxəssislərindən ibarət işçi qrupu müvafiq sənədlər, mənbələr və sxemləri araşdırmağa başlayıb.