BÖLMƏNİN YARANMA TARİXİ

Ölkə Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2012-ci il tarixli 2619 №-li sərəncamına əsasən Elm Mərkəzinin əsasında AMEA-nın Gəncə Bölməsi yaradılmışdır. Məqsəd regiondakı mövcud elmi-texniki imkanlardan istifadə etməklə, bölgədəki təbii ehtiyatların, uzun illər ərzində toplanmış sənaye və məişət tullantılarının, dünyada yeganə olan Naftalan nefti və tullantılarının, təbii su ehtiyatlarının, alternativ enerji mənbələrinin və termal suların öyrənilməsidir.

 

Qərb bölgəsinin zəngin biomüxtəlifliyinin öyrənilməsi, genofondun tədqiq olunması və qorunub saxlanılması, bioresurslardan səmərəli istifadə olunması tədqiq edilir.

 

Qədim Gəncənin tarixinin araşdırılması məqsədilə regionda arxeoloji və etnoqrafik tədqiqatların aparılması, böyük mütəfəkkirlərin yaradıcılığının araşdırılması, milli-mənəvi dəyərlərin öyrənilməsi və Qərb bölgəsi folklorunun toplanması Humanitar tədqiqatlar və Diyarşünaslıq İnstitutlarında aparılan tədqiqatların əsas məqsədidir.

 

Gəncə Bölməsinin elmi-tədqiqat İnstitutlarında “Azərbaycan Respublikasında iqtisadiyyatın əsas sahələrinin inkişafı üzrə Strateji yol xəritəsi”, “Azərbaycan - 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərar və sərəncamları əsasında  fəaliyyət göstərir.

 

Nizami Gəncəvi Mərkəzi

 

Mərkəzin ən vacib tədqiqatlarından biri dünya poeziyasının sönməz ulduzu Nizami Gəncəvinin və onun sələflərinin və xələflərinin yaradıcılığının tədqiq olunması, əsərlərinin nəşr edilməsi, Nizami Ensiklopediyasının yaradılmasıdır.

 

Diyarşünaslıq İnstitutu

 

Burada aparılan elmi tədqiqat işləri dünyanın ən qədim şəhərlərindən olan Gəncənin tarixi köklərinin araşdırılması, şəhər mədəniyyətinin göstəriciləri olan sənətkarlığın, yerli memarlıq ənənələrinin, qədim məhəllələrin yaranma tarixinin öyrənilməsi məqsədini daşıyır.

 

Gəncənin müxtəlif səbəblərdən yerdəyişmələrinin elmi əsaslarla öyrənilməsi, beynəlxalq alimlərin iştirakı ilə arxeoloji və etnoqrafik tədqiqatların aparılması, əldə olunan elmi nəticələrin beynəlxalq elmi ictimaiyyətə çatdırılması nəzərdə tutulur.

 

Humanitar tədqiqatlar İnstitutu

 

Gəncənin zəngin ədəbi mühitinin və mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsi, Qərb bölgəsi üçün səciyyəvi olan folklor materiallarının tədqiqi əsas elmi istiqamətlərdəndir. 

 

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramları, Azərbaycan dilinin dialektoloji lüğətinin hazırlanması aparılan əsas elmi tədqiqatlardan biridir.

 

Azərbaycançılıq məfkurəsinin, milli dəyərlərimizin qoruyucusu və təbliğatçısı olan bölgənin maddi-mənəvi xüsusiyyətləri əsas tədqiqat sahəsidir.

 

Ekologiya və təbii ehtiyatlar İnstitutu

 

İnstitutda aparılan elmi tədqiqatlar Azərbaycan Respublikasında iqtisadiyyatın əsas sahələrinin inkişafı üzrə Strateji yol xəritəsi və Azərbaycan – 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyasının müddəaları əsasında həyata keçirilir.

 

Təbii ehtiyatlarına görə ən zəngin bölgələrdən biri olan ərazidə filiz və mineral yataqlarının mövcudluğu, əlvan və qara metallurgiya, bentonit və seolotin, yol-tikinti materialları sənayesinin elmi əsaslarlarla araşdırılması, dünyada yeganə olan Naftalan nefti və onun tullantılarının tədqiqi, termal və müalicə əhəmiyyətli mineral suların, bölgənin su ehtiyatlarının araşdırılması, sənaye və məişət  tullantılarının pasportlaşdırılması əsas elmi istiqamətlərdir.

 

Metallurgiya və neft emalı sənayesi üçün xammal kimi vacib olan bentonit və seolit yataqlarının elmi əsaslarla araşdırılması, dünyada yeganə müalicəvi əhəmiyyətə malik Naftalan neftinin tədqiq olunması və onun əsasında yeni dərman prepatlarının hazırlanması  əsas tədqiqatlardandır.

 

Uzun illər ərzində yararlı torpaq sahələrində toplanmış sənaye və məişət tullantılarının pasportlaşdırılması və təkrar emalı texnologiyalarının hazırlanması nəzərdə tutulmuşdur.

 

Bioresurslar İnstitutu

 

 Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı inkişafına dair Milli Strategiya,  Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının  müddəalarının  həyata keçirilməsi istiqamətində tədqiqatlar aparılır.

 

Qərb bölgəsi doqquz iqlim qurşağının əhatə olunduğu, zəngin flora və faunası, torpaq örtüyünün biomüxtəlifliyinə görə dünyanın ən vacib ərazilərindəndir. Qədim əkinçilik mədəniyyətinə və zəngin genofonda malik olan bu ərazidə bitkilərin araşdırılması və pasportlaşdırılması,  biotullantılardan yağların və məlhəmlərin, üzvi gübrələrin alınması texnologiyaları araşdırılır, alternativ enerji yanacaqlarının alınması tədqiq edilir.

 

Nəbatat Bağı

 

Mədəni və yabanı bitkilərin genetik ehtiyatlarının  mühafizəsi və onlardan səmərəli istifadə olunması, sistemləşdirilməsi, ehtiyatlarının araşdırılması və landşaft dizaynı sahəsində istifadə olunması tədqiq olunur.

 

Aqrar Problemlər İnstitutu

 

Günün ən vacib problemlərindən biri olan su ehtiyatlarının tədqiqi, bioloji mühafizəsi və istifadəsi əsas elmi istiqamətlərdən biridir. Təbii resurslardan istifadə etməklə qədim tarixə malik heyvandarlıq və baytarlıq təbabəti istiqamətində elmi tədqiqatlar aparılır.