AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
GƏNCƏ BÖLMƏSİ HAQQINDA ÜMUMİ MƏLUMAT
Ölkə Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2012-ci il tarixli 2619 №-li sərəncamına əsasən Elm Mərkəzinin əsasında AMEA-nın Gəncə Bölməsi yaradılmışdır. Məqsəd regiondakı mövcud elmi-texniki imkanlardan istifadə etməklə, bölgədəki təbii ehtiyatların, uzun illər ərzində toplanmış sənaye və məişət tullantılarının, dünyada yeganə olan Naftalan nefti və tullantılarının, təbii su ehtiyatlarının, alternativ enerji mənbələrinin və termal suların öyrənilməsidir.
Qərb bölgəsinin zəngin biomüxtəlifliyinin öyrənilməsi, genofondun tədqiq olunması və qorunub saxlanılması, bioresurslardan səmərəli istifadə olunması tədqiq edilir.
Qədim Gəncənin tarixinin araşdırılması məqsədilə regionda arxeoloji və etnoqrafik tədqiqatların aparılması, böyük mütəfəkkirlərin yaradıcılığının araşdırılması, milli-mənəvi dəyərlərin öyrənilməsi və Qərb bölgəsi folklorunun toplanması Humanitar tədqiqatlar və Diyarşünaslıq İnstitutlarında aparılan tədqiqatların əsas məqsədidir.
Gəncə Bölməsinin elmi-tədqiqat İnstitutlarında “Azərbaycan Respublikasında iqtisadiyyatın əsas sahələrinin inkişafı üzrə Strateji yol xəritəsi”, “Azərbaycan - 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərar və sərəncamları əsasında fəaliyyət göstərir.