XƏBƏRLƏR
16.06.2023 / Yubileylər
Gəncədə Nigar Rəfibəylinin anadan olmasının 110 illiyi qeyd edilib

GÖRKƏMLİ ŞAİRƏNİN ABİDƏSİ ÖNÜNDƏ ŞƏHƏRİN ZİYALI VƏ YARADICI MÜHİTİNİN NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ TƏDBİR KEÇİRİLİB

   Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası  Gəncə Bölməsinin, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq şairi, Əməkdar mədəniyyət işçisi Nigar Rəfibəylinin (23.06.1913 – 9.07.1981) anadan olmasının 110 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.   Şəhərin ictimai, ədəbi, elmi və yaradıcılıq mühitinin nümayəndələri görkəmli şairənin Gəncənin Sərdar bağındakı lirik ruhlu abidəsinin önünə toplaşmışdılar.

   Vətən torpaqlarımızın bütövlüyü naminə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə çıxış edən AYB Gəncə Bölməsinin sədri, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova  Nigar Rəfibəylinin Azərbaycan şeiriyyatında, eləcə də klassik poetik tərcümə sahəsində çox dəyərli mövqe tutduğunu vurğulayıb. X.Hüseynova tədbirin keçirilməsinə dəstək verən qurumlara minnətdarlıq bildirərək, bu işdə AMEA Gəncə Bölməsinin və Gəncə Regional Mədəniyyət İdarəsinin yaxından iştirakını xüsusi qeyd edib.

   AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında tariximizdə və mədəniyyətimizdə özünəməxsus yer tutmuş görkəmli xadimlərin həyat və fəaliyyətlərinin öyrənilməsi və təbliğinin milli-mənəvi dəyərlərimizin yüksəldilməsinə xidmət edən vacib bir məsələ kimi Ulu Öndər Heydər Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını və bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bu xüsusda, akademik Fuad Əliyev Gəncənin nəcabətli Rəfibəylilər nəslinin tariximizdə öz izi olduğunu qeyd edərək, həmin şəcərənin nümayəndəsi olan Nigar xanımın bu bağdakı heykəlinin 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən açıldığını da xatırladıb.

   Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Süleyman Əliyev çıxışında Nigar Rəfibəyli və onun ömür və məslək yoldaşı, böyük yazıçı və ictimai xadimimiz Rəsul Rzanın mənəvi və maarifçilik amallarının bu ailənin bu günkü nümayəndələri tərəfindən yaşadıldığına diqqət çəkib.

   Tədbirdə AMEA Gəncə Bölməsinin alimləri, Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, Əlimuxtar Muxtarov, Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Aləmzər Tağıyeva öz çıxışlarında görkəmli şairəmizin poetik dünyasının müxtəlif çalarlarını təhlil edən fikrlər söyləyiblər. O cümlədən çıxışçılar Nigar Rəfibəylinin əsərlərində Gəncə rəmzləri, dahi Nizaminin tərənnümü, təbiətin vəsfi, vətənpərvərlik motivləri, eləcə də onun və Rəsul Rzanın azərbaycanlıların qəlbində tutduqları məqam haqda danışıblar.

   Şair və yazıçılardan Qərib Mehdi, Rəfiqə Sadıqova, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, Sahib İbrahimli, Bayram Apoyev, Zaur Quliyev, Cavanşir Qocayev, Bəxtiyar Muradov, Lətif Zərgər, Eltun Türkel öz ürək sözlərini bölüşüblər.

   Gəncə Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri Nigar Rəfibəylinin şeir dünyasından nümunələr və onun sözlərinə yazılmış sevilən mahnılar ifa ediblər.  

   İştirakçılar tərəfindən Nigar Rəfibəylinin heykəli önünə gül dəstələri qoyulub və bu əlamətdar anın xatirə şəkilləri çəkilib.

   Xatırladaq ki, Nigar Rəfibəylinin 1998-ci ildə Gəncənin tarixi Sərdar bağının çinarlı xiyabanında ucaldılan abidəsinin müəllifləri Azrbaycanın ilk qadın monumentalist heykəltəraşı Münəvvər Rzayeva və heykəltəraş Fəxrəddin Əliyevdir.