AMEA Gəncə Bölməsində: EKOLOGİYA VƏ TƏBİİ EHTİYATLAR İNSTİTUTUNUN CARİ İLDƏKİ UĞURLARI
AMEA Gəncə Bölməsinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun Tullantıların araşdırılması və tədqiqi laboratoriyasının əməkdaşlarının iş planına uyğun olaraq Daşkəsən rayonu Dəstəfur və Gədəbəy rayonu Miskinli yatağı gillərinin fraksiya tərkibi, fiziki-mexaniki xassələri, AMEA Polimer Materialları İnstitutunda isə kimyəvi və mineroloji tərkiblərin öyrənilməsi sahəsində apardıqları elmi-tədqiqat işləri səmərəli nəticələr vermişdir. İkitərəfli müqaviləyə əsasən, qeyd olunan doldurucular plastik məişət tullantıları əsasında kompozisiya materialı almaq məqsədilə AMEA Polimer Materialları İnstitutuna göndərilmişdir.
Bu faktlar AMEA Gəncə Bölməsinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun Tullantıların araşdırılması və tədqiqi, Naftalan nefti və səthi aktiv maddələr və Fiziki-kimyəvi analiz laboratoriyalarında cari ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarrına həsr olunan hesabat yığıncağında səslənmişdir.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev yığıncaqda çıxış edərək regionların sosial-iqtisadi inkişafı haqqında milli proqramlara uyğun olaraq innovativ texnologiyaların tətbiqi ilə işləməsinin vacibliyini qeyd etmiş, tullantısız və ya az tullantılı istehsal sahələrinin yaradılmasının, sənaye və məişət tullantılarının təkrar emalının müasir dövrün ən aktual problemlərindən olduğunu xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, Ekologoiya və Təbii Ehtiyatlar İnstitutunun Tullantıların araşdırılması və tədqiqi laboratoriyası əməkdaşlarının tədqiqat işlərinin başlıca məqsədi də respublikanın Qərb regionunun gil yataqlarının, sənaye və məişət tullantılarının araşdırılması, onların xassələrinin öyrənilməsi və istifadə sahələrinin müəyyənləşdirilməsidir.
İnstitutun Tullantıların araşdırılması və tədqiqi laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Mahirə Şərifova hesabat məruzəsində qeyd etmişdir ki, kompozisiyaların alınması, fiziki-mexaniki xassələrinin öyrənilməsi sahəsində tədqiqatlar AMEA PMİ-nin “Polimer Materiallarının Təkrar emalı və Ekologiyası” laboratoriyası ilə birgə aparılmışdır, nəticələr də qənaətbəxşdir.
Hesabat ilində laboratoriya əməkdaşları tərəfindən müxtəlif elmi jurnallarda 6 məqalə və tezislər nəşr olunmuşdur.
İnstitutun Naftalan nefti və səthi aktiv maddələr laboratoriyasının əməkdaşları da hesabat ilində uğurlu nəticələrə nail olmuşlar. Laboratoriyanın müdiri, texnika üzrə fəlsəfə doktoru İlahə Cəfərova demişdir ki, aparılan elmi tədqiqat işlərinin məqsədi “Naftalan nefti və tullantıların konserogen birləşmələrdən təmizlənməsi, adsorbent kimi istifadə edilən yerli xammal ehtiyatlarının araşdırılması və tədqiqidir. Tədqiqatlarda ucuz və yerli xammal ehtiyatlarından istifadə edilməsi ölkəmizin sosial-iqtisadi problemlərinin həllini elmi əsaslarla aradan qaldırmağa imkan yaradır. Laboratoriyanın əməkdaşları tərəfindən il ərzində 2-i məqalə, 2-si tezis olmaqla 4 elmi əsər çar edilmişdir.
İnstitutun Fiziki-kimyəvi analiz laboratoriyasının müdiri Mehriban Məmmədovanın hesabatı da qənaətbəxş hesab edilmişdir.
AMEA Gəncə Bölməsinin elmi-tədqiqat institutlarının 2019-cu ilin yekun hesabatları davam edir.