XƏBƏRLƏR
19.06.2023 / Konfranslar, iclaslar
AMEA Gəncə Bölməsində maraqlı elmi seminar

   Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə " Nizami Gəncəvi "İskəndərnamə"si və Frigiya əfsanələri: kəsişən xətlər, faktlar və ehtimallar" adlı elmi məruzə ilə AMEA Gəncə Bölməsi əməkdaşları qarşısında çıxış edib. Alimin göstərilən mövzu ətrafında tədqiqatları Bölmədə çalışan nizamişünas, tarixçi və folklorşünas alimlər tərəfindən maraqla qarşılanıb.

   Ə.Nəcəfzadənin öz araşdırmalarının nəticəsi kimi irəli sürdüyü postulatlar filologiya, mədəniyyətşünaslıq, eləcə də tarix sahəsində yeni elmi istiqamətlər üçün əsas ola bilər. Bu cür mülahizələr həm də bəşər sivilizasiyalarının ümumi, ortaq prinsip və qaynaqlarının mövcud olması ehtimallarının qüvvətlənməsinə xidmət edir.

   Ən əsası isə bu elmi araşdırmada həmin ümumi bəşəri qaynağın türk sivilizasiyasından gəldiyi müdafiə edilir və bu yöndə tutarlı dəlillər gətirilir. Belə ki, müəllif bizim də içində yer aldığımız türk dünyasının dastan, əsatir və eposları ilə sözügedən araşdırmanın konkret predmeti olan Frigiya (hazırda əsasən Türkiyə ərazisidir!) əfsanələri arasında olduqca maraqlı  coğrafi, toponomik, teoloji, mifoloji, linvistik və digər aspektləri əhatə edən paralellər aparıb və bunun nəticəsində müəyyən qənaətlərə gəlib.

   Ə. Nəcəfzadənin bu araşdırması, adından da göründüyü kimi, dahi Nizami Gəncəvinin bəşəri bir xəzinə olan əsərlərindən ruhlanaraq ərsəyə gəlib. Araşdırmada yer almış Makedoniyalı İsgəndər – Frigiya hökmdarı Midas – Oğuz xaqan – Mete, Frigiyada Ana tanrıça Kibeli – türklərdə ana kultu xətləri, eləcə də Nizaminin “İqbalnamə”nin baş qəhrəmanını “rum papaqlı bir türk” adlandırması faktı və digər bu kimi nümunələr geniş mülahizələr üçün meydan açır.

   Məruzə ətrafında faydalı müzakirələr aparılıb və iştirakçıların təklif və rəyləri dinlənilib.

   Görüşün sonunda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev elmi tədqiqatlara yenilikçi yanaşma nümunəsi kimi, bu cür görüşlərin faydalı olduğuna diqqət çəkib və araşdırma müəllifinə uğurlar arzulayıb.

   Ə. Nəcəfzadə diqqət və həssas münasibət üçün akademik Fuad Əliyevə və onun rəhbəri olduğu AMEA Gəncə Bölməsinin əməkdaşlarına minnətdarlıq bildirib.