AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktorunun məruzəsi Türkiyədə keçirilən beynəlxalq simpoziumda maraqla qarşılanıb
Türkiyənin Kırıkkale şəhərində “İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi” adlı 2-ci Simpozium keçirilib.
14 ölkədən 100-dən artıq alimin iştirak etdiyi simpozium Kırıkkale Universitetinin İslam Elmləri Fakültəsi, İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, İndoneziya Kalicaga Yogyakarta Dövlət İslam Universiteti və Azərbaycan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə oktyabrın 2-dən 7-dək qardaş ölkənin Kırıkkale şəhərində təşkil edilib.
Simpoziumda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dos. Aqil Şirinov, həmin institutun prorektoru, dosent Mirniyaz Mürsəlov, Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru, i.f.d. Mehman İsmayılov, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov, Mənəvi dəyərlərin Təbliği Fondunun İcraçı direktorunun müavini Hatəm Gülməmmədov, Azərbaycan İlahiyyat İnstitutunun Xarici Əlaqələr Üzrə Baş mütəxəssisi Şahin Ələsgərov, Mənəvi Dəyərlərin Təbliği Fondu "Mənəvi Dəyərlərin təbliği şöbəsi"nin baş mütəxəssisi Aynur Süleymanlı iştirak ediblər.
AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarovun "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində birgəyaşayış, tolerantlıq və insan konsepsiyası" mövzusunda etdiyi məruzə böyük maraq doğurub.
Əlimuxtar Muxtarov məruzəsində Azərbaycan xalqının dünya ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərində təbliğ və təsvir edilən tolerantlığın, birgəyaşayışın, multikultural ənənələrin dahi şairin mənsub olduğu Azərbaycan xalqının tarixi keçmişindən süzülüb gəldiyini və bu ideyaların da bu gün Azərbaycan cəmiyyətində mehribanlıqla birgə yaşayan müxtəlif xalqların bir həyat tərzi olduğunu vurğulayıb.
Alim Simpozium çərçivəsində Türk dünyasından, İslam ölkələrindən gələn həmkarları ilə fərdi ünsiyyətlərində dahi mütəfəkkirin əsərlərinə, qədim təzkirələrə, mənbələrə istinad etməklə, Nizaminin məhz Gəncədə, əsilli-nəsilli Azərbaycan türkünün ailəsində düyaya gəldiyini, daim burada yaşadığını, dünya poeziyasının nadir incisi olan "Xəmsə"sini bu qədim şəhərdə qələmə aldığını, özünün və yaxınlarının bu torpada dəfn ounduğunu, məqbərəsinin bu gün də Azərbaycanlılarla yanaşı, ölkəmizə gələn qonaqlar tərəfindən də müqəddəs bir məkan kimi ziyarət edildiyini xatırladıb.
Əcnəbi qonaqların Nizami barədə maraqlandığı suallara aydınlıq gətirən Ə. Muxtarov bu dahi şair və mütəfkkirimizin yaradıcılığının daim dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görüldüyünü, kitablarının nəfis tərtibatda və kütləvi tirajla nəşr edildiyini, doğma şəhəri Gəncədə, Bakıda, Sankt-Peterburqda və Romada heykəllərinin qoyulduğunu, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin onun adını daşıdığını, Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin uğurla fəaliyyət göstərdiyini qeyd edib.
Nizaminin həyat və yaradıcılığına dair Azərbaycanda nəşr edilən kitabların elektron versiyalarına əlçatanlıq yolları da simpozium iştirakçıları üçün izah olunub.