AMEA Gəncə Bölməsində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Gəncə şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən millətimizin tarixində ağır, lakin taleyüklü bir səhifə olan 20 Yanvar faciəsinə həsr edilmiş dəyirmi masa keçirilib. Toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov da iştirak edib.
AMEA Gəncə Bölməsinin dəyirmi salonunda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin anılması ilə başlayıb.
Dəyirmi masa müzakirələrində giriş nitqi ilə çıxış edən AMEA Gəncə Bölməsinin sədrinin müavini Sara Əzizova Azərbaycan xalqının azadlıq əzmini boğmaq məqsədilə 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə dağılmaqda olan Sovet İttifaqının ordu birləşmələrinin paytaxtımıza yeridilməsi ilə yaşanan qanlı hadisələri tariximizin faciəvi, eyni zamanda milli birliyimizin o vaxtadək görünməmiş bir həddə nümayişi baxımından qürurverici anı kimi dəyərləndirib.
Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov 20 Yanvar hadisələrinin əsl siyasi qiymətinin, eləcə də həmin faciənin qurbalarına şəhidlik statusu verilməsinin Ulu Öndər tərəfindən həyata keçirildiyini, müasir dövrümüzdə də onun layiqli davamçısı, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib.
Sonra dəyirmi masada müakirə olunan məruzələr dinlənilib.
Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov “20 Yanvar hadisələri və Gəncə”, Elm və Təhsil Nazirliyi Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “20 Yanvar - əsrin faciəsidir”, Bölmənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “1990-cı ilin 20 yanvar faciəsi milli tariximizin qanla yazılmış etiraz imzası kimi”, Bölmənin Elmi katibi Elnur Həsənov “20 Yanvar hadisələri müasir gəncliyin baxışında”, Bölmənin Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova “20 Yanvar faciəsi kitablarda”, Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun elmi işçisi Günay Cəfərova “Faciə insanları birləşdirir, xalqı bütövləşdirir” mövzularında məruzələrlə, eləcə də digər iştirakçılar 20 yanvar hadisələri haqda xatirə və mülahizələrlə çıxış ediblər.
Sonda Sara Əzizova xalqımızın müstəqil yaşamaq arzusunun gerçəkləşdirilməsinin ilk sınağı kimi tarixə düşmüş 1990-cı ilin 20 Yanvarı haqqında maraqlı mülahizələrinə görə Bölmənin sədri akademik Fuad Əliyevin adından da dəyirmi masa iştirakçılarına minnətdarlıq bildirib.