XƏBƏRLƏR
12.02.2024 / Mühüm hadisələr
Nizami Gəncəvi yaradıcılığının müasir tədqiqatlarına dair yeni kitab AMEA Gəncə Bölməsində təqdim olunub

   AMEA Gəncə Bölməsində filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyasının təqdimatı keçirilib. Görüş AMEA Folklor institutu ilə birgə təşkil olunub.

   Tədbiri AMEA Gəncə Bölməsinin sədrinin müavini Rasim Tağıyev açaraq, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən tarixi anın - 7 fevral  Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkiləri gününün milli vəhdətimizin təntənəsi şəraitində, ölkəmizin parlaq gələcəyi naminə böyük müvəffəqiyyətlə başa çatması münasibətilə Gəncənin ziyalı və elmi ictimaiyyəti adından təbriklərini çatdırıb.

   Rasim Tağıyev bu gün təqdim edilən monoqrafiyanın müəllifini və AMEA Folklorşünaslıq İnstitutundan gəlmiş digər tanınmış alimləri  qədim şəhərimizin bu başlıca elm ocağında qarşılamaqdan məmnunluq bildirib və qonaqları Bölmənin sədri, akademik Fuad Əliyevin adından salamlayıb.

   Rasim Tağıyev  Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının dahi Nizaminin doğma yurdu Gəncədə bu gün təqdimatı keçirilən“Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti” kitabını böyük mütəfəkkirimizin tükənməz irsinin tədqiqatlarına samballı töhfə kimi dəyərləndirib.

   AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək, təqdim olunan kitabın müəllifi, professor Ramazan Qafarlının müasir ədəbiyyatşünaslıq və folklorşünaslığımızın tanınmış simalarından olduğunu və daim elmimizin bu istiqamətlərinin ən aktual problemlərini araşdığdığını vurğulayıb. Akademik Muxtar İmanov Nizami Gəncəvi yaradıcılığı və fəlsəfəsinin mahiyyəti haqda  tutarlı əsər yazmaq üçün klassik ədbiyyatın, eləcə də mifologiyanın ən dərin qatlarına yaxından bələd olmağın vacibliyini xatırladaraq, müəllfin bu keyfiyyətlərə malik olduğuna diqqət çəkib.

   Akademik M. İmanov həmçinin Nizami poeziyasında məkan- zaman-kəmiyyət vəhdətinin bəşəri təkamül, eləcə də mifoloji təsəvvür qanunauyğunluqları baxımından İnsan düşüncə və varlığında təcəlli etdiyinin müəllif tərəfindən çox orijinal şəkildə verildiyini qeyd edib.

   Kitabın elmi redaktoru, AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy çıxışında Azərbaycan folklorşünaslıq elminin inkişafına böyük töhfələr verən, mifologiyaya, “Kitabi-Dədə Qorqud” eposuna, uşaq folkloruna, epik folklorda janrlararası əlaqələrə dair sanballı əsərlərin müəllifi olan Ramazan Qafarlının həmçinin Nizami Gəncəvi yaradıcılığının dərin tədqiqatçısı kimi də tanındığını qeyd edib. S. Rzasoy kitabda müəllifin Nizami poeziyasında türkçülük ideologiyası məsələsini ön plana çəkdiyini, ümumiyyətlə, türk milli kimliyinin Ramazan Qafarlının Nizamiyə yanaşmasının daimi təhlil aspektləri sırasında olduğunu da xatırladıb.

  1. Rzasoy çıxışı zamanı həmçinin son dövrlərdə dövlətimizin mənəvi-ideoloji qüdrətinin yüksəlməsi ilə Nizamişünaslığn yeni çalarlar alaraq, Azərbaycanşünaslıq səviyyəsinə qalxdığını, ölkə rəhbərinin 2021-ci ili Nizami Gəncəvi İli elan etməsinin də bu prosesə böyük təkan verməsini qeyd edib. Çıxışçı bu məsələdə AMEA prezidenti, akademik İsa Həbibəylinin söylədiyi fikirləri də xatırladıb.

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov çııxşında müəllifin bütün araşdırmalarında  olduğu kimi, trafaretlərdən və tavtoloji stereotiplərdən kənar yanaşmalarının Nizamişünaslıq üzrə tədqiqatlarda da özünü bariz şəkildə göstərdiyinə diqqət çəkib.

Kitabın müəllifi, professor Ramazan Qafarlı çıxış edərək, Nizami yurdunda, onun başlıca elm ocağı olan AMEA Gəncə Bölməsidə keçirilən bu yüksək elmi tutumlu, maraqlı mülahizələr və səmimi ürək sözləri ilə zəngin görüşün təşkilinə görə gəncəli həmkarlara, xüsusən Bölmənin sədri, bu görüşdə səhhəti ilə əlaqədar iştirak edə bilməyən akademik Fuad Əliyevə dərin minnətdarlıq bildirib.

   R.Qafarlı sözügedən monoqrafiyanın ayrı-ayrı bölmələrində Nizami Gəncəvinin milli mənsubiyyətinin, onun gəncəli türk olmasının bir daha aydınlaşdırılması məsələsi haqda dahi şairin mətnlərinin struktur, funksiya və məzmunundakı mövcud tutarlı dəlillərə söykənilərək fikirlər yürüdüldüyünü, həmçinin Nizami poeziyasının gizli qatlarında qorunub saxlanan, eləcə də üzdə olub müxtəlif cür yozulan cəhətlərindən söz açıldığını iştirakçıların diqqətinə çatdırıb.

   AMEA Gəncə Bölməsinin əməkdaşları da öz çıxışlarında professor Ramazan Qafarlının tədqiqatlarının müasir Azərbaycan filoloji düşüncəsinin parlaq nümunələri olduğunu bildiriblər.

   Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış edərkən, Ramazan Qafarlının bir alim və vətəndaş kimi daim prinsipal mövqe və söz sahibi olduğunu dilə gətirib. O, həmçinin sözügedən monoqrafiyanın orijinal və yenilikçi xüsusiyyətlərini vurğulayaraq, kitabda filoloji  tədqiqatlarda demək olar ki, tətbiq olunmayan, amma əslində, qüvvətli əyani təsəvvürlər yaratmağa xidmət edə bilən qrafik üsulların  - 30-a yaxın sxem, diaqram və cədvəllərin verilməsini həmin yenilikçilik nümunəsi kimi səciyyələndirib.

   Görüşdə həmçinin Bölmənin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Bölmənin Elmi katibi Elnur Həsənov, Nizami Gəncəvi Mərkəzinin əməkdaşlarından böyük elmi işçi, pedaqoqika üzrə fəlsəfə doktoru Aləmzər Tağıyeva, elmi işçi Xəyalə Hüseynova sözügedən monoqrafiyanın   və müəllifin digər araşdırmaları haqda mülahizələr söyləyiblər.

   Qeyd edək ki, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 374 səhifəlik monoqrafiyanın elmi redaktorları filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovdur.

   Görüşün sonunda Bölmənin sədr müavini Rasim Tağıyev qonaqlara maraqlı görüş üçün təşəkkür edərək,  Gəncə alimlərinin Bakıdakı həmkarları ilə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi arzularını ifadə edib.

   Akademik Muxtar İmanov da bir daha ev sahiblərinə minnətdarlıq bildirib. O, həmçinin müasir dövrümüzün ən əhəmiyyətli anlarından olan 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərinin qalib millətimizin şərəflə başa vurduğu günlərindən biri kimi tariximizə yazıldığını qeyd edərək,  ölkəmizin və xalqımızın yeni tərəqqi yoluna qədəm qoyduğuna inandığını bildirib.