
Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə AMEA Gəncə Bölməsində dəyirmi masa keçirilib
“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamının işığında Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən bu əlamətdar tarixə həsr olunmuş “Naxçıvan bölgəsinin qədim tarixinin araşdırılması və erməni yalanlarının ifşa edilməsi” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da iştirak edib.
AMEA Gəncə Bölməsinin sədrinin müavini Sara Əzizova dəyirmi masa müzakirələrini açarkən, iştirakçıları bu elm ocağının sədri, akademik Fuad Əliyevin adından salamlayaraq, ölkəmizin tarixində bu günlərdə baş verən əhəmiyyətli siyasi hadisə – 7 fevral Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkiləri zamanı xalqımızın böyük həmrəylik və birlik nümayiş etdirərək, cənab İlham Əliyevi dəstəklədiyini və bununla dövlətimizin daha da yüksəlişinə səs verdiyini qeyd edib və bu münasibətlə Gəncə ziyalıları və alimləri adından təbriklərini çatdırıb.
Sara Əzizova Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamının müddəaları üzrə, Azərbaycan Milli Elmlər Akademiyasında və onun Gəncə Bölməsində müvafiq tədbirlər planı hazırlandığını bildirib.
Sonra AMEA Gəncə Bölməsinin Diyarşünaslıq, Humanitar Tədqiatlar institutlarının və Nizami Gəncəvi Mərkəzinin əməkdaşlarının elmi xarakterli məruzələri dinlənilib.
Diyarşünasliq İnstitutundan Mətanət Əliyeva “Naxçıvanın real tarixi və erməni uydurmaları”, Namlet Abdullayev “Ermənilərin Naxçıvanda törətdikləri qanlı hadisələr”, Müşərrəf İbrahimova “Araz Türk Cümhuriyyəti”, Humanitar Tədqiatlar İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Naxçıvan: tarixi gerçəklik və tarixi həqiqətlər”, Fatimə Qurbanova “Naxçıvanın tarixi abidələri” və Nizami Gəncəvi Mərkəzindən filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin “Xəmsə”sində Naxçıvan toponimləri” mövzularında çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Tədbirdəki çıxışı zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Ulu Öndər Heydər Əliyevin milli varlığımızın tarixi və əbədi torpaqlarından olan Naxçıvana istər sovet, istər də müstəqilliyimizə qədəm qoyduğumuz dövrlərə xüsusi diqqət göstərdiyini, onun Azərbaycanın taleyində əhəmiyyətli rolunun qüvvətləndirilməsi üçün mühüm addımlar atdığını xatırladıb. Y. Bədəlov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqındə, ölkə başçımızın türk dünyasını bir ailə kimi xarakterizə etdiyinə diqqət çəkib və Azərbaycanın öz tarixi torpaqları ilə bu ailənin mühüm qanadı olduğunu vurğulayıb. Y. Bədəlov həmçinin qədim və köklü Azərbaycan yurdu olan Naxçıvanın əlamətdar yubileyi ilə bağlı ölkə başçısının sərəncamının işığında şəhərimizdə ilk tədbirin məhz bu gün AMEA Gəncə Bölməsi tərəfindən keçirildiyini vurğulayıb və bunun üçün bu elm ocağının sədri, hörmətli akademik Fuad Əliyevə şəhərin rəhbərliyi adından təşəkkür edib.
Sonda Sara Əzizova dəyirmi masada səslənən çıxışları yüksək qiymətləndirərək, iştirakçılara minnətdarlıq bildirib.