XƏBƏRLƏR
19.02.2024 / Müsahibələr, çıxışlar
AMEA Gəncə Bölməsində dissertantlar üçün mühazirələrə başlanılıb

   Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “Doktorant və dissertantlar üçün ixtisas fənnindən ictimai əsaslarla mühazirələrin təşkil edilməsi” haqqında qərarının müddəalarına uyğun olaraq, AMEA Gəncə Bölməsində də cari il üçün bu yöndə müvafiq mühazirələrin keçirilməsinə başlanılıb.

   Mühazirələr silsiləsinin ilk toplantısının başlanğıcında çıxış edən AMEA Gəncə Bölməsinin sədrinin müavini, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova mühazirələrin təşkilinin məqsədinin dissertantların hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.

   İlk mühazirə Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova tərəfindən “Azərbaycan tarixinin mənbəşünaslıq baxımından təhlili. Azərbaycan ərazisində qədim quldar dövlətlər”mövzusunda aparılıb.

   Mühazirəçi Azərbaycanın beş min illik tarixinin ən erkən çağlardan müasir dövrümüzədək keçdiyi mərhələlərin sistemli şəkildə, ictimai-siyasi formasiyalar daxilində, xüsusən də dövlət analyışlarının təşəkkül tapması və inkişafı qanunauyğunluqları baxımından ətraflı təsnifatını verərək, tədqiqatçıların bu məsələləri diqqətdə saxlamalarının zəruri oduğunu qeyd edib.

   Mühazirədə səslənən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.