XƏBƏRLƏR
01.05.2024 / Mühüm hadisələr
Gəncə alimləri yaşıllaşdırma aksiyası keçiriblər

BU ZAMAN NADİR BİTKİ NÖVLƏRİNİN QORUNMASI ÜZRƏ TƏCRÜBƏLƏRƏ DƏ YER VERİLİB

   Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ölkəmizin ikinci şəhərində yaşıllıqların artırlıması və bitki fondunun zənginləşdirilməsi istiqamətində mütəmadi aparılan tədbirlər çərçivəsinə ziyalı mühitin nümayəndələrinin növbəti aksiyası keçirilib. Belə ki, şəhərin Heydər Əliyev Park Kompleksində baş tutan bu aksiyada AMEA Gəncə Bölməsinin və onun nəzdində fəaliyyət göstərən Nəbatat bağının əməkdaşları tərəfindən sözügedən parkın nümayəndələri ilə birgə 100 ədəddən çox ardıc və şam ağacları, eləcə də digər bitkilər əkilib. Tədbir ölkəmizdə yaşıllıqların artırılmasına töhfə vermək məqsədi daşıyan “Ağacəkmə və yaşıllaşdırma işlərinə “Yaşıl Gələcək” platformasının (https://yasilgelecek.az/) fəaliyyətinə dəstək xarakteri daşıyıb.

   Bu tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə, ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

   Aksiyada iştirak edən mütəxəssislər həmçinin Azərbaycanın Qərb bölgəsinin bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün aparılan işləri bu cür tədbirlər çərçivəsində də sınaqdan keçirdiklərini qeyd ediblər.

   “Müxtəlif iqlim şəraitində bitən nadir və nəsli kəsilməkdə olan bitkilərin genofondunu qorumaq məqsədilə, növlərin intraduksiyası (təbiiləşdirmə və iqlimə uyğunlaşdırma)  işləri həyata keçirilib. 2018-ci ildə Nabatat bağının əməkdaşları ilə birgə təbii floradan Azərbaycanın nadir bitki növü olan İris lineolata - Dovşanqulağı süsənini bu bağın ərazisinə intraduksiya etmişdik. 2024-cü ildə əraziyə baxış zamanı  növün yeni yayılma sahəsi və müxtəlif bitkilərlə qruplaşması  müəyyən edilmişdir” – deyə, biologiya elmləri doktoru, professor Aynur Bayramova bildirib.

   Mütəxəssislər tərəfindən həmçinin Nabatat bağı ərazisindən müxtəlif inkişaf fazalarında herbari nüsxələri  və çoxaltma məqsədi ilə bitki toxumları toplanılıb və bu  toxumlar da təcrübə sahəsinə əkilib.