Qırğız Respublikasının ölkəmizdəki səfiri AMEA Gəncə Bölməsində olub
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev Gəncəyə qeyri-rəsmi səfər edib. O, AMEA Gəncə Bölməsində də olub və xüsusən bu elm ocağının nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qırğız Respublikakının səfiri ilə görüş zamanı AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şair və mütəfəkkirin irsinin öyrənilməsi və təbliği üzrə fəaliyyət göstərən bu elmi qurumun tədqiat istiqamətləri haqda danışıb. O, həmçinin AMEA Gəncə Bölməsinin və onun Nizami Gəncəvi Mərkəzinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də burada çap edlən elmi ədəbiyyat və dövri nəşrlər, o cümlədən “Nizamişünaslıq” jurnalı haqda məlumat verib. Ə. Muxtarov Nizami Gəncəvi Mərkəzinin bu jurnalında digər ölkələrin alimlərinin olduğu kimi, Qırğızıstanlı həmkarların da elmi məqalələrinin çap edilməsini, eləcə də redaksiya heyətində iştiraklarını arzuladığını qeyd edib.
Əlimuxtar Muxtarov dahi şair Nizami Gəncəvinin bəşəri fəlsəfəsinin azərbaycanlılar üçün bir milli-ideoloji əhəmiyyət kəsb etdiyini qeyd edib. O, vurğulayıb ki, Nizaminin irsinin öyrənilməsi və dünya miqyasında tanıdılması və mənimsənilməsi Ulu Öndər Heydər Əliyevin milli strateji düşüncə və fəaliyyəti sayəsində mümkün olub və dahi mütəfəkkir Nizami Gəncəvinin yubileylərinin ən yüksək səviyyədə qeyd olunması Ümummili Liderin uzaqgörən düşüncəsinin nəticəsidir. Ə. Muxtarov müasir dövrümüzdə onun layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı və nüfuzu naminə bu strateji xətti yeni dünya münasibətlərinin tələbləri müstəvisində uğurla davam etdirir və bu ziddiyyətli beynəlxalq şəraitdə Nizami fikrinin bəşəri əhəmiyyət kəsb etməsi məsələlərini özünün təşkil etdiyi qlobal forumlarda vurğulayır.
Görüş zamanı səfir K.Osmonaliyev Azərbaycanın və ümumən Türk dünyasının böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması üzrə mərkəzin onun doğma yurdunda fəaliyyət göstərməsinin təqdirəlayiq hal olduğunu dilə gətirib. Qonaq Gəncədə fəaliyyət göstərən alim və tədqiqatçıların qırğız həmkarları ilə əlaqəlaərinin qurulması və inkişaf etdirilməsi məsələlərinə də toxunub. K. Osmonaliyev həmçinin Azərbaycan ilə Qırğızıstanın bir sıra şəhərləri, o sıradan, özünün doğma yurdu olan Oş ilə Gəncə arasında qardaşlaşmış şəhərlər əlaqələrinin yaradılması məsələsi ətrafında müzakirələr aparıldığını qeyd edib.
Fikir mübadilələrindən sonra səfirə AMEA Gəncə Bölməsi tərəfindən buraxılmış kitablar və Heydər Əliyev Fondunun nəşri olan “Nizami Gəncəvi Xəmsə miniatürləri” toplusu təqdim edilib. Bu kitablar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin oktyabr ayındakı Qırğızıstana dövlət səfəri zamanı Bişkek şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 103 saylı orta məktəbə çatdırılacaq.
Kayrat Osmonaliyev də Gəncənin bu elm ocağına qırğız xalqının təşəkkül tapması və onun mədəniyyəti mövzularından bəhs edən və Türksoy - Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı tərəfindən çap edilmiş “Qırğızlar” adlı ensiklopedik nəşr və bu xalqın tanınmış yazıçısı Alıkul Osmonovun “Zamandan zamana” kitabını bağışlayıb.