AMEA Gəncə Bölməsində “Gəncə incəsənəti” adlı yeni kitab hazırlanır
MONOQRAFİYA ŞƏHƏRİN QƏDİM VƏ MÜASİR YARADICILIQ NÜMUNƏLƏRİNİN MÜFƏSSƏL TOPLUSU OLACAQ
AMEA Gəncə Bölməsinin tədqiqat istiqamətlərindən biri kimi, şəhərimizin tarixin ən müxtəlif dövrlərinə aid sənət nümunələrinin sistemləşdirilərək, vahid toplu halında nəşri məqsədilə bölmə tərəfindən “Gəncə incəsənəti” adlı kitab hazırlanır.
“Gəncə incəsənəti” monoqrafiyası bu şəhərdə müxtəlif istiqamətlərə aid sənət əsərlərini əhatə etməsi baxımından öz universallığı və rəngarəngliyi ilə seçiləcək. İstər fundamental elmi, istərsə də kütləvi xarakteri ilə bu nəşr Gəncənin şəhər və el mədəniyyətini tədqiq edənlər, eləcə də öyrənənlər üçün sanballı hədiyyə olacaq.
AMEA Gəncə Bölməsində kitabın ərsəyə gətirilməsi məqsədi ilə keçirilən toplantıda da elə bu məsələlərdən danışılıb.
Nəşrin layihə rəhbəri, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev “Gəncə incəsənəti” monoqrafiyasının həm elmi mötəbərlik, həm də əsrlərdən gələn milli ruha bağlılıq baxımından bu şəhərin tarixi və mədəniyyəti üçün bir töhfə kimi hazırlanmasının vacibliyinə diqqət çəkib. O, kitabın redaksiya heyətinə öz işində məhz bu amalı əsas tutmağı tövsiyə edib.
Kitabın ərsəyə gəlməsi prosesində memarlıq, heykəltəraşlıq, dekorativ-təsviri sənət, zərgərlik və digər bədii-metalişləmə növləri, xalçaçılıq, ipəkçilik, sair toxuculuq üsulları, gil-saxsı və çini istehsalı və rəssamlığı, musiqi yaradıcılığı, həmçinin müxtəlif yönlü el sənəti və digər sənətkarlıq nümunələri üzrə mövzuların istiqamətlərinin işlənilməsində dəqiq bölgü aparılmasının, eyni zamanda tədqiqatçıların vahid komanda ruhunda çalışmalarının vacibliyi vurğulanıb.
“Gəncə incəsənəti” kitabının hazırlanması prosesində mövzu istiqamətlərinin dəqiqləşdirilməsini və tədqiqatçıların fəaliiyətlərini koordinasiya edən, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyeva da çıxışında bu kitabın mətn, illüstrasiya və tərtibatında elmi, informativ və estetik prinsiplərin bir-birini tamalamasının gözlənilməsinin vacibliyini qeyd edib. O, monoqrafiyanın hazırlanmasına dərin elmi yanaşma baxımından, istifadə olunan ədəbiyyatın müəyyənləşdirilməsinin də əsas amil olduğunu bildirib.
Toplantıda “Gəncə incəsənəti” kitabının hazırlanması prosesi üzərində çalışan heyətin tərkibi və onların ayrı-ayrılıqda görəcəkləri işlərin konturları müəyyənləşdirilib. İşçi qrup Gəncə Bölməsinin uzun illər ərzindəki etnoqrafik ekspedisiyaları zamanı əldə olunmuş yazı və foto materiallarıyla, həmçinin mövzulara aid seçilən geniş ədəbiyyat siyahısı ilə tanış olub.